

“Aç, mənəm” (2010, Qanun nəşriyyatı) romanı 39 qısa hekayədən ibarət fraqmentar quruluşa malik romandır. Bu hekayələr müstəqil oxuna bilsə də, birlikdə vahid bir şüurun parçalanmış təcrübəsini, “mən”in müxtəlif vəziyyət və rollarını araşdırır. Kitab “Ən yeni ədəbiyyat” seriyasından nəşr olunub, böyük maraq və müzakirələrlə qarşılanıb. “Aç mənəm” çap olunduğu ilk illərdə Nəsimi Milli Ədəbiyyat mükafatı və Azadlıq Radiosunun Oxu Zalı portalının “Gənc romançı” mükafatına layiq görülüb. Kitabxanalarda mövcuddur.

“Umberto Eco və postmodernizm fəlsəfəsi” (2008 və 2012, Qanun nəşriyyatı) kitabında Postmodern fəlsəfəyə və U.Eco yaradıcılığına Azərbaycan dilində ilk dəfə informativ-analitik baxış həyata keçirilib. Fəlsəfə və filologiya üzrə yazılan müxtəlif elmi işlərdə, dissertasiyalarda bu kitaba dəfələrlə istinadlar olub. Kitabda müəllifin adı qəsdən göstərilmir, kitab danışmağa buradan başlayır, zira postmodern düşüncəyə görə müəllif ölüb… Müəllifin ölümü nədir? Mənanın mənbəyi haradadır? Şərhin sərhədi varmı? Yenilik nədir və o, ənənə ilə hansı nöqtədə toqquşur? Modernizm və Postmodernizm estetik strategiyadır, yoxsa düşüncə forması? Bu və digər sualların cavabını Boloniya Universitetinin kitabxanasında araşdıran Nərmin Kamalın bu kitabı ölkə mətbuatında təqdir yazılarıyla qarşılanb, kitab hələ də mağazalarda və kitabxanalarda humanitar elmlər üzrə ən çox müraciət olunan kitablardan biridir.

“Yaquar yerişli zaman” (2003, Adiloğlu nəşriyyatı) kitabı müasir Azərbaycan ədəbiyyatının gəlişini xəbər verən ilk antologiyadır. Kitabda Nərmin Kamalın 2000-ci illərin əvvəlində yazdığı modernist şeirlər var.