Rəssam Fərhad Xəlilov. Həyət.
Tənhalıq
İşıqlar söndü, kino kəsildi
yox oldu danışan gülən adamlar,
o adamlar ki, indi burdaydılar,
burda
Çıxdım qaranlığa əlimdə fənər
sanki gəmi batıb mən sağ qalmışam
gördüm səmada çoxlu gəmi,
sayrışırlar uzaqda,
uzaqda
Vurnuxdum, vurnuxdum zülmət içində
kim görər bu zəif, solğun fənəri
hansı gəmi gələr götürər məni
nə vaxt çatar,
çatar
2019
İnək şəkli
Restorandan çıxan şən adamlar
qarnı tox, ağzı qəhvəli adamlar
muncuq kimi şəhərə dağıldılar
addım-addım, maşın-maşın çəkildi adamlar
İnəyi özləriylə apardılar.
İnək dartılıb ayrıldı özündən, bulud kimi seyrəldi
indi yığsa, yığsa, bir uşaq yığar onu yalnız
Qarından qarına xətlər çəkər,
İnəyi tamamlar və rənglər.
2019
Ana və bala
Gərək çıxmayım qarşına olduğum kimi
sənçün də bəzənəm, ana,
çox da ki anamsan, bilirsən məni,
bilirsən harda mən bitirəm, harda başlayır bəzək.
Gərək çıxmayam qarşına olduğum kimi
sənçün də bəzənəm, ana,
gözəl yaratdığın bilməyə
ehtiyac duyur hər rəssam, hər ana.
Deyirsən axşam
bir cüt araq şüşəsi tapmısan
elə gözəlmişlər, elə bəzəkli
əvvəl qucağında evə aparmış
səhərsə tapdığın yerə atmısan
Deyirsən qorxmusan əcəlin gələr
əcəlin ardınca polislər gələr
görərlər evində o şüşələri,
götürüb yazarlar: İçirmiş qarı.
Yazarlar, yazarlar, onlara nə var.
Qorxmusan qızın da buna inanar,
bilməz ki, küçədə getdiyin yerdə
sən aşiq olmusan o gözəlliyə
bilməz diz çökmüsən o gözəlliyə
qəlbində, evində əziz dost kimi
bir az yer vermisən o gözəlliyə…
İnanar polisə və bilməz qızın.
İnanmazdım, ana.
Bilirəm eşq nədir, gözəllik nədir,
durduğun yerdə işə düşmək nədir,
əyilmək nədir,
qoynuna almaq nədir,
alıb aparmaq nədir…
sonra ayılmaq nədir,
ayılıb utanmaq nədir,
utanıb atmaq nədir,
ayrılmaq nədir,
ayrılıb qaçmaq nədir,
qaçıb unutmaq nədir…
gərək sənçün də bəzənəm
araq şüşəsi tək gözəl olam, ana.
2019
Həyət
Külək qalxdı, yarpaqları çağırdı
yarpağın da güclüsü, məzlumu var,
ayaqsız uşaq kimi burdan bura həyətə
qaça bilməyəni var.
Bu komada çoxdu elə yarpaqlar,
palazda var, yorğanda var, divar kağızında var
palaz elə köhnədi, tarzən gəlsə iplərində tar çalar
payız bizim palazdakı yarpaqlara bir üfürsə qaldırar.
Divar kağızındakı yarpaqlar yaşıl idi,
yapışqan saraldıqca yarpaqlar da saraldı.
Yorğandakı yarpaqlara ayaq qoyma, elə bil
altı boşdu, xəndək örtüb bir ovçu
İndi külək insan ola, girə bizim komaya
burdan bir yarpaq götürə, yenə çıxa bayıra
qoşa bizim yarpağı da oynaşan yarpaqlara, –
Deyə: Bu uşaqla da oynayın.
2019
Xalça muzeyində gəzən yabançı
Nə qədər naxış var bu xalçalarda
Bəs qəlbimə yatanı niyə yoxdur?
Əllər, gözlər, ömürlər var burada,
Ömür varsa, iztirab niyə yoxdur?
*
Ölməyibmi, itməyibmi bir kəsi
Atası, anası, uşağı, əri
Al, yaşıl, göymü yaşayıb hər biri?
Qəm xalçası toxuyan niyə yoxdur?
*
Bu öküz buynuzu – güc, qüvvət rəmzi,
Bu çay motividi – hə, bahar gəlib
Bu da butalardı – həyat toxumu
Öz gün güzəranı niyə yoxdur?
*
Bir xalça var burda, xəritə kimi
Bu kənddi, bu meşə, bu da tikanlıq
Getsəm bu ünvanla taparam kəndi
Özünü tapmağa bir güman yoxdur
*
Bağçada nə görüb, köçürüb onlar
Səmada nə görüb köçürüb onlar
Yeddibaş əjdaha toxuyub onlar
Bəs qəlbindəkilər niyə yoxdur?
*
Bu vaxt ötüb keçən bir yerlinin səsi turistin qulağına dəyir:
Bizdə də var idi bir belə xalça:
Dimdik-dimdiyə quşlar, ətraf yonca,
Atamla anam onun üstə yaşar
Bəs niyə hey dalaşar, dalaşardı?
*
Toxumağı hörümçəkdən öyrənib
Balıq toru, həsir ilə başlayıb
Axırda Lenini hörüb, maşallah,
Bəs öz dərdi səri niyə yoxdur?
*
Əcəb ağıllıymış bu toxucular
Biri də çeşnidən kənar çıxmayıb.
Hörüb Hafizi də, Nizamini də
Bəs öz ömrü-günü niyə yoxdur?
*
Aha!
Deyəsən tapmışam bir dəlisini
Xalçası həyat kimi, həyat kimi:
Bir-birindən üz çevirmiş iki quş!
Sevirmiş – bunun özgə adı yoxdur.
2019
___
Eyni zərblə
(Maya üçün)
Çox çalışdım olmasın
amma oldu.
Oldu, – dünən başın dəydi masaya
mən də eyni zərblə
eyni məsafədən
başımı vurdum masaya
görüm necə ağrıdın,
görüm necə incitdi səni o ağrı
necə oldu ki, elə ağladın.
bu gün yenə başın dəydi
bu səfər çarpayının ayağına
eyni zərblə
eyni məsafədən
mən də
başımı vurdum çarpayının ayağına
gördüm necə incitdi səni o ağrı,
gördüm necə ağrıdın,
gördüm niyə elə ağladın.
bildim çox incidibmiş
çox ağrıdıbmış səni, indi bildim
bundan sonra da biləcəyəm
əlin yansa əlimi yandıracam
dizin siyrilsə üzüm üstə asfalta yıxılacam mən də
qolun sınsa qolumu sındıracam
mən həmişə
bütün ağrılarında
səninlə olacam
eyni zərblə
eyni məsafədən
2012
_
Yeni Klinika
atam ayaqqabı fabrikində işləyirdi
anam qısqanırdı onu bütün qadınlara
ən çox da həkiminə fabrikin
bəzən alma, pirojna götürüb anam,
əlimdən tuturdu, ora gedirdik,
amma içəri girmir,
ağaclıqda gizlənirdik
mən orda yeyirdim özümçün
pavidlalı pirojna, alma,
anam baxırdı fabrikə, deyirdi –
aha, indi çıxacaq atan bir qadınla
atamsa tək çıxırdı.
O niyə sənin halına qalır?!
Nə qədər həkimə gedirsən?!
Gündə təzyiq ölçdürürsən?!
evimizin adi sözü-söhbətiydi
o fabrik anamın gözündə o həkimdi
göstərə bilmədi atam
o qadınla heç bir işi yoxdu,
anam göstərə bilmədi var,
savaşa-savaşa, dalaşa-dalaşa ayrıldı onlar
unutdular bir-birini,
ya da unutmadılar
indi böyük qızam
baxıram şəhər böyüyüb
ayaqqabı fabriki olub Yeni Klinika
həmin ağaclıqdı, həmin bina
elə bil şişib o həkim, böyüyüb olub klinika,
elə bil artıb törəyib, qarnından çoxlu həkimlər çıxıb,
sehrli çubuğuyla o qadın
sexləri palatalara, dəzgahları “UZİ”lərə döndərib,
O fabrik necə ki anamın gözündə həkimdi,
Elə də olub böyük bir həkim.
2021
Sərdabə
Öləndən sonra da
indiki evimdə yaşamaq istərdim
güllərimi suvarardım səhərlər,
muncuq düzərdim günortalar,
girlənərdim o yana, bu yana
darıxmazdım tək başıma axşamlar.
Öləndən sonra da
indiki kimi yaşayardım,
çıxmazdım bayıra, bacağa,
ürkütməzdim diriləri ölü canımla
söz verərdim kimsə bu işin sahibi, Ona,
pəncərəni də açmaz, boylanmazdım bir yana.
Madam ki ölüyəm, özümü aparardım ölü kimi,
nə yeməkdə olardı gözüm, nə eyş-işrətdə
qalardım evimdə – sanki qəbirdə
nə fərqi, ya torpağın altında, ya üstündə.
Öldümmü, mismarlardınız qapımı çalın-çarpaz,
gedərdiniz, lütfən,
sakitcə qalardım min il, milyon il bu evdə,
min il, milyon il bu evdə.
2020
Peşmanlıq
Sən əvvəl qoymurdun sevəm səni,
Necə ki, yuxuya girəndə bəzi ölülər
“qayıt” deyirlər, “hələ cavansan”
Əl çəkmirdim mən,
Gedək, gedək – deyirdim, apar,
məni də özünlə apar
Sonra sən yaman bir ölütək gəldin
“hələ cavansan, qayıt” demədin, “tezdi” demədin,
demədin “səni evdə gözləyirlər”,
“Gəl” – dedin, “gedək mənimlə”
Getdim səninlə əl-ələ, süzdüm işıq dəhlizində
döndü başım özgə eynəyindən baxana
dünya necə bulanırsa elə
Düşdüm sənin diyarına, düşən kimi peşmanladım
Sən əslində beləymişsən
beləymiş sərhədin o üzü. Vurnuxdum
torda balıq tək vurnuxdum
gördüm mavi havada sərxoş aşiqlər
ünvan sorar tək keçdim qabaqlarına
dedim, necə dönüm geri, necə çıxım burdan?
necə atım başımdan bu eşqi?
Əsnədilər əlləri ağızlarında:
“Heüç neüücə”, “Heüç neücə”.
2020
Çörək
Arxadan təlaşla çağırdılar məni:
– Çörək al!!!
Çörəkmi? Nə yaxşı!
başqa söz də ola bilərdi
bu təlaşın yanınca
Nə yaxşı, kimsə ölməyib,
dostlardan, qohumlardan
pişik də düşməyib eyvandan
Dava başlamayıb təzədən,
bombalanmayacaq şəhər bir azdan
Nə yaxşı gəlib qovan yoxdu komamızdan
Bu şəhər bizimdi, qaçın deyən yoxdu
Kəsməyiblər kiminsə başını
Öldürüb yandırmayıblar bir tanışı
Sadəcə bir çörək, nə yaxşı,
Gələndə alacam, alacam gələndə.
2021
Çilov adasında
Arvadlar deyinərdi,
“Ay baş beynimiz getdi
televizoru söndür
onsuz da eşitmirik”
Kişilərsə deyərdi:
“Kimsə türmədən qaçıb
bu da onu axtarır
yuxarıdan gəlibdi”
Düz uçub gedənlərlə
heç işləri olmazdı
elə ki dövrə vurdu
ağızlar açılardı
Rəna deyərdi: “Pır pırrr
get o biri həyətə
orda karlar yaşayır
ər də kar, arvad da kar”
Rafiq deyərdi: “Rəna,
get çiyninə bir şey sal
memarlardı bəlkə də
şəklimizi çəkirlər”
Nənə altdan yuxarı
Dərdin söylərdi ona
“Çadrovıda evim vardı
Səməd əmi satdırdı”
Müəllimlər deyərdi,
vertolyot səs-küyünə
göyə baxan uşaqlar
gələcəkdə kasıb olacaqlar
Uşaqlar yağlı yağlı
Söyüşə qərq edirdi
ən utancaq olanı
dalını göstərərdi
Çox yaxından uçur bu
pəncərələr sınacaq
“Yenə getdi qayıtdı
ala e kül başına”
Ölülər deyinərdi,
nə əbədi sükutmuş
Daşlərimiz çatlayır
dişlərimiz çatlayır
Vertolyot uğultusu
bizə qulaq asardı
o gözdən itən kimi
cırcırama başlardı.
2013
___
Hirslənəndə
hər kişi bir başqa cür hirslənir hirslənəndə
atam qəfil qışqırır
qolu şüşəni sındırır
gözü gözümə şığıyır…
ərim qışqırmır çox vaxtı
çox acı sözlər söyləyir
namaz qılır göz yaşıyla
məndən nə deyir Allaha…
Faiq süfrəni siyirir
salır qab-qacağı yerə
dolma, kabab dığırlanır…
Rza içəri düz girir,
əvvəl deməzsən hirslənib
gedib çaydanı götürür
açıb tullayır bayıra…
Natiqin üzü qızarır
yumruğu da düyün düşür
ilan kimi fısıldayır
söyüş söyəcək indicə…
Bəs sən necə,
necə hirslənirsən, əzizim,
birdən hirsləndirsəm səni
nəylə vurarsan məni…
2015
Şüşələr
hər gülüşmədən sonra
bir şüşəni vurub sındırardı
nəslimin qadınları
gülüşlər çox olanda
üçünü
inanardılar hər gülüşmənin ardınca
ağlayacaqlarına
banka-balonla çıxardılar
qarşısına göz yaşı tanrısının
bəzən şampan şüşəsi olardı bu,
bəzən limonad,
ancaq çox vaxt qatıq bankaları olardı silahları
mən də bir əlimdə süpürgə, birində xəkəndazla
süpürərdim sınıqları
hərəsində
bir başqa cür görünərdi üzüm,
bəzilərindəsə heeç, heç…
2015
Paltaryuyan maşın
Küsülüyük səninlə,
yatmırıq neçə gündür
bir döşəyin üstündə
Sənə toxunmaq belə,
dəhlizlərdə bir görüş
sən mətbəxdən qayıdıb
mən mətbəxə gedəndə
Küsülüyük səninlə
üst və alt paltarlarımızsa
sıxılıb qucaqlaşır paltaryuyan maşında
Əvvəl köynəklərimiz
sonra şalvarlarımız
sonra daha naziklər
mənimkilər ağ
səninkilər qara
mənimkilər güpür
səninkilər pambıq
qarışıb sevişirlər suların ortasında
bax, küsülü deyillər şüşənin arxasında
Sən indi yan otaqda futbola baxmaqdaykən
mən indi bu otaqda təmizlik etməkdəykən
barışdırır
sarmaşdırır
sevişdirir bizi
Samsung paltaryuyan makina
ağ köpüklər içində
1 saat 30 dəqiqəlik rejimdə
2009
__
Dovğa
Bu gecə nə pis gecədir
dovğam çürüdü, a dostlar
Qatdım nə nazu-nemətim ki vardı,
amma çürüdü, a dostlar
Onu dünyatək fırlatdım
qolum ağrıdı durmadım
qapı döyüldü getmədim
bircə mesaja dözmədim
baxdım görüm kimdi yazan
Xasiyyəti necə tündmüş
mənə heç güzəşt etmədi
ürəyin geniş etmədi
bir an nədir gözləmədi
dovğam çürüdü, a dostlar
Bir dəstə keşniş doğradım,
bir dəstə şüyüd doğradım
nanə, kəvər də doğradım,
bir yumurta, bir az düyü
vaxtım getdi, gücüm getdi,
bir mesaj nə olan şeydi
boylanmağımla çürüdü?!
Süfrəmdə yeri boş qaldı
özü getdi sözü qaldı
heç bu qədər yandırmazdı
mesaj yazan yar olsaydı
bu gecə nə pis gecədir
dovğam çürüdü, a dostlar.
2013
Konserv qutusu
Bu vitrində
səni hər görəndə
canıma üşütmə düşür
üzərində ət şəkli, balıq şəkli,
sən ey girdə konserv qutusu,
göründüyün qədər məsum deyilsən
deyilsən göründüyün qədər məsum
dişsiz əyyaşlarla görmüşəm səni vağzallarda
əvvəl doyurub
sonra zəhərə çevrilmisən
qanlarında
mərhəmət tapmış ac pişiklərlə görmüşəm səni,
əvvəl doyurub
sonra kəsmisən ağızlarını
dibini yalayanda
gecələr dığırlanırsan məşum küləklə
şəhərin boş qalmış küçələrində
çox duymuşam səsini
xəstəxana şüşələrindən
yuxusu qaçmış küçə itləri hürər,
körpələr çığırar,
sən dığırlanardın məşum küləklə
görmüşəm səni Marinagildə
milisin ölüm səbəbləri çantasının içində,
əşyayi-dəlil kimi,
kilkə balıqdan yeyib qoymuşdu pəncərəyə
saxlamışdı səhərə zavallı
zəhərləndi səhər yeyəndə
xalam oğlu Əfqanın arvadı
üç qız anası, xalis moskvalı
yetimlər evində böyüdü, –
sənə o vaxtdan inandı.
İndi hanı?!
Bu vitrində səni hər görəndə
canıma üşütmə düşür
üzərində ət şəkli, balıq şəkli,
sən ey girdə konserv qutusu,
göründüyün qədər məsum deyilsən
elə hey
şokoladlı xama gəzən xoşbəxt gözlərimə ilişirsən
yoxsulları, acları, bəxtsiz vağzal əyyaşlarını,
qoca itləri, sısqa pişikləri,
göstərirsən
metal qapağında.
görürsən xoşuma gəlmirsən,
gələn səfər lap çox görünürsən,
mənə belə
nə demək istəyirsən?!
2008
*
Wi-Fi (qoşma-gəraylı)
İçində səkkiz vardı,
əvvəlində 3 vardı,
bəlkə də səhv edirəm,
telefonun neçəydi…
*
Böyük qoca bir şəhər
səni haradan tapım
düşmüsənsə yadıma
sakit ilıq bir səhər
*
bəlkə Əhmədlidəsən
bəlkə Nərimanovda
bəlkə Xətaidəsən
bəlkə də Nəsimidə…
*
Bilirəm ki bu vaxtlar
İnternetdə olursan
dəyişməz bu vərdişin
iyirmi il keçsə də
*
Aypədim işıqlanır
dolaşdıqca şəhəri
Wi-Fi-lar çeşid-çeşid
Top link, D-link, Azəri…
*
Sazz-10, Bəhruz-10, Aytən-6,
Vugar-23, Tabriz-19, Cansel-16,
Azeri-boy, Sex-in-Baku, Tufeyli,
Welcome to Baku, Sadik-Madik, Suvari…
*
2012
Rəqiblər
Onlar mənim on iki yaşımda doğuldular,
böyüdülər,
sinəmin yarısın tutdular
Heç özümdən ayırmadım
daşıdım
özümlə birgə
Onları tam da özüm saymıram
amma
kədərləri kədərim, sevincləri sevincimdir
Onları verməli olduğum hədiyyə sanıram bəzən
özgənindir,
amma mən saxlayıram onunçün
İnəklərlə üz-üzə gəldimmi, pərt oluram
izah edə bilmirəm
amma xoş deyil inəklərdə də olması
Geyinməyə başlarkən ən birinci onları geydirirəm,
çimməyə başlarkən də eləcə
yol keçən uşaqlı qadındırlar və güzəşt edirəm sanki
Həmişə hesablaşıram onlarla
paltar alanda çox açıq olmasın
köynəkdə sintetika, tərə qarşı vasitədə aliminium olmasın
Tez-tez yoxlatmalıyam, bilirəm,
xərçəng varmı gizlicə
Amma yoxlatmıram, inanıram dostluqda sədaqətlərinə
Mən də əsl dost kimi dururam arxalarında
bir dəfə şillə də vurmuşam səfehin birinə
minnət qoymuram, dostumun yolunda dalaşmışam sadəcə
Ancaq onlar sevilərkən də xoşbəxt olmuram
Onlar sevilərkən də xoşbəxt olmur qadınlar
çünki biz özümüz istərdik o cür sevilməyi.
2013
Geriyə dönmək
Sharon Odds’a
Arxadan onları izləyirəm…
Musiqi texnikumundan çıxıb bulvara tərəf gedirlər.
Bakıdır.
70-ci illərin sonudur.
Apreldir.
Dallarınca addımlayıram bulvara doğru…
Gedənlərdən biri atamdır
saçları qara, gözləri qatran sobası
boyu buludlarda
yaşı on doqquz
özündənrazı
O biri anamdır
əynində sarafan
əlində musiqi aləti və kitabları
üzündə təbəssüm
aprel küləyi oxşayır şabalıdı saçlarını
və ağca bədənini,
dəli kimi sevirlər bir-birini
hələ heç nə anlamırlar,
bir günaha batmayıblar
sanarsan:
heç qadına əl qaldırmaz bu cavan oğlan,
heç səsini qaldırmaz bu cavan qız,
qıymazlar bir uşağın göz yaşına…
Yüngülcə öskürərək yanaşmaq istəyirəm onlara
istəyirəm qışqırım: Dayanın!
Qurtarın bu axmqlığı. Siz böyük səhv edirsiniz. Çıxarın üzüklərinizi.
Bu qadın sənə görə deyil, ata!
Bu kişi sənə görə deyil, ana!
Sən tezliklə əsəbi bir kişiyə dönəcəksən,
saçların vaxtsız ağaracaq,
evdən çıxıb buralara gələcəksən fikrini dağıtmağa
təkbaşına, dərdbaşına…
Sən tezliklə hirsli bir qadına dönəcəksən,
səsindən başqa heç bir şey qalmayacaq sabaha
qapını çırpıb evlərin arasında gəzəcəksən
təkbaşına, dərdbaşına…
bir uşaq ağladacaqsınız
elə əzab çəkəcəksiniz, – kimsə çəkməyib elə əzab
özünüzü atmaq istəyəcəksiz sevgilə baxdığınız bu dənizə….
Birdən anamın gözəl üzü dönüb mənə baxır gülərək,
atam buludlardan əyilib alnımdan öpür,
mən, hiyləgər uşaq, susuram,
demirəm onlara deyəcəyimi,
qışqırmıram ki: “Dayanın!”
Çünki doğulmaq istəyirəm bu dünyaya
qucaqlayıb sıxıram onları bir-birinin bağrına
sürtürəm dodaqlarını çaxmaq daşı kimi
və deyirəm: Buyurun, evlənin, buyurun, edin edəcəyinizi.
2013
Həqiqət
(Surəti: Daxili İşlər Nazirliyinə)
Elmar Hüseynovu öldürən mənəm!
martın 2-də axşam saat 10 radələrində
iyi çıxan o qətlin sifarişçisi nə iqtidar
nə müxalifət nə də xarici barmaqdır
bilmək istəyirsizsə…
mən öldürmüşəm Elmar Hüseynovu
bir dəfə Monitor jurnalında məqaləmi
çap etməkdən imtina etməsini
üstəlik onu yararsız məqalə adlandırmasını
küt beyinin məhsuludur deyib
üstünə “delete” düyməsi basmasını
məni dışarı çıxarmasını
mənliyimə sığdıra bilməmiş
ürəyimdə kin saxlamış
nəhayət…
özü də bilirsinizmi
nə vaxtdan hazırlıq görürdüm bu qətlə
düz yeddi aydır…
hər dəfə təqvimin on gün sonrasına
qara qələmlə xaç qoymuş
sonra əl-ayağım əsmiş
daha on gün sonraya ertələmişdim o yeddi atəşi
düz yeddi aydır
qalmışdım gəzə-gəzə
Qarayev metrosu ətrafındakı binaların arasında…
evimin JVC videodispleyini
Pentium 4 markalı bilgisayarımı
və daha mənəvi daha önəmli bir şeyimi vermişdim –
Qarabağ müharibəsində döyüşmüş
və o vaxtdan silah alverinə qurşanmış bir qaziylə
o tapançanı dəyiş-düyüş etmişdim
araşdırın inanmırsızsa
… o gecə
kişi papağı tullamışdım hadisə yerinə qəsdən
iz azdırmaq üçün
dodaq boyamı atmayacaqdım ki ora? hə?!…
gəlib əl-üzümü yumuş
radionu açıb xəbərləri dinləmişdim o axşam
bir də telefonumun mesaj səsinə diksinib
Elmarın ölüm xəbərlərini almış
ürək guppultularım
bu ötən günlər ərzində
o qədər çoxalmış
çoxalıb son həddinə çatmış
bəlkə də xəstəlik tapmış
bəlkə də gizli infarktdır xəbərim yox
bundan o tərəfə olmaz
hər an qapı zəngi ehtimalına qarşı
musiqili qulaqcıqlarla yaşanmaz
daha dözmək olmaz…
nəhayət cəsarətlənmiş və
etiraf etmək qərarına gəlmişəm:
öldürən mənəm
Elmarı öldürən mənəm
!
!
!
ancaq sizi –
onun dəfni günü qorxusundan
sifətləri doqquz iqlim qurşağına girmiş
satqın ağciyərləri görərkən
peşman olmuşam
öldürdüyümə kor-peşman.
Elmarla guya can bir qəlbdə dost
guya qohum guya süd qardaşı olduğunu basıb bağlayan
bu ölümün əsrarına yaxın
və ortaq görünmək istəyən
vəziyyət mənfəətbazlarına gop basmağa
girəvə verdiyimə
onu sizin çiyninizə endirdiyimə görə
bir məqalə nədir ki –
küdurətə qapılıb bu ölkənin monitorunu
onun alışqan və siqareti kimi həmişəlik söndürdüyümə
onu şərəfsiz bir xiyabana gömdürdüyümə görə
bağışlamayın məni
əsla bağışlamayın
özünüzü daha artıq intizarda qoymadan
tutun məni
və damlayın
dərhal və yubanmadan!
2005, mart, “Sənət” qəzeti
__
Allahı bağışlama
Bir gün
Allah bizdən üzr istəyəcək
Bir gün
həyatın gətirdiyi oyunlar,
hər gün yeni düyünü açmaq çabası
keçidlər
yeni sevgilər
üsyanlar
göz yaşları
çörək savaşları
batmayıb ayaqda qalmaq,
yaşamaq və yaşatmaq qovğası
intiqam almaq ehtirası
ala bilməməyin yası
artıq dözülməz olanda
tək və gücsüz uzananda qəsəbə səkilərində
Allah üzr istəyəcək bizdən
Bağışla
– deyəcək, qızım
bağışla ki,
sənə yaxşı tale vermədim
təəssüflər içində keçir ömrün
bağışla, mənim balam
– deyib hönkürəcək
Mən onu başa düşəcəyəm,
qolumu qaldırıb sarılacağam boynuna
üç dəfə yüngülcə
kürəyinə vuracağam əlimlə
eybi yox, deyəcəyəm,
Eybi yoxdur
Əlini saçlarımın arasına salıb dolacaq,
bunu belə sarışın etmədim,
bunu belə qıymadım sənə – deyəcək,
Yaxşı, belə də sevənlər oldu məni
qara saç da pis deyil – deyəcəyəm
– Peşman olmuşam,
sevdiyin pişik balalarını belə yaşatmadım
üçünü bir gecədə öldürdüm,
– Bəsdir, deyəcəyəm, üzmə özünü
başqalarının da pişikləri ölür,
hətta uşaqları ölür
Allahın boğazı qəhərlə dolacaq
daha möhkəm hönkürməyə başlayacaq
acizəm, bağışla
– təkrar-təkrar bunu hıçqıracaq
mən də ona qoşulacağam
– yaraşmaz sənə kiçilmək
bəsdir, onu sakitləşdirməyə çalışacağam,
bundan daha pis həyatlar var
narahat olma, yaxşıdır hər şey – deyib
gözlərini siləcəyəm
Allahı əfv edəcəyəm
2001
_
Kartof qızartması haqda şeir
bir gecə qəfildən
hər hansı səbəbdən
evindən küçəyə qovulmuş
ya da həmişə küçələrin səfil sakini olmuş insanı
veyil-veyil gəzdiyi qəsəbə həyətlərində
ən çox
nə dərd, nə kədər, nə qəm,
nə uğursuz keçmiş, nə ümidsiz gələcək,
nə həyatın ədalətsiz mənzərəsi,
nə zeytun ağaclarının soyuq-soyuq yellənməsi,
nə yorğunluq, nə şaxta, nə buzlayan ayaq barmaqları,
nə də bu kimi şeylər deyil,
qapılardan küçəyə yayılan kartof qızartmasının qoxusu incidər ən çox…
o xoşbəxt evlərdə xoşbəxt analar xoşbəxt qızlarına
kartof qızartmağı öyrədərlər
necə doğramalı
necə çevirməli
yarısı çiy qalıb, yarısı yanmamalı…
xəbərsiz olarlar qapılarından keçən səfillərin
kartof qızartmasının qoxusuna titrəyən burun pərlərindən
bəlkə də olar xəbərləri
indi
qalınlığı bir, bir tam onda beş santim,
uzunluğu ovuc içi boyda kartof dilimləri
mənim kartof dilimlərim
tavada qızarmaqda ikən
düşünürəm
gecəyarı oyanıb kartof qızartmaqda bir şairanəlik var
bəlkə pəncərənin altında biri var
bəlkə yoxdu
bəlkə sürtkəcdən keçirib qızardım kartofu
bəlkə sürtkəc yoxdu
bəlkə bir şəhər kartof soyub qızardaq
bəlkə bir şəhər kartof soyub qızardaq
intəhası
bəlkə şəhər yoxdu
bəlkə soymaq yoxdu
bəlkə qızartmaq yoxdu
nə uzadım,
kartof qızartması tək kartof qızartması deyil ki
daha gözəl yaşamağın qoxusudu
o başqa söhbətin mövzusu ki
bəlkə kartof yoxdur
qoxu yoxdur
yaşamaq da yoxdur
2004
__
İtən pulqabı haqqında şeir
Sən elə gözəl idin
qırmızı zərli idin
siçanlar oynatmazdın
içərində heç zaman
mən mal alan deyiləm
turist dükanlarından
amma səni almışdım
çıxanda İstanbuldan
sən parçadan olsan da
dəridən möhkəm idin
nə bir damcı əzildin
nə bir damcı əskidin
səni heç yumamışdım
əlimin çirki səndə
gələn ay yuyacaqdım
əgər qalsaydın məndə
ürəyimə damıb ki
səni parçalayıblar
basdırıblar torpağa
üstdən ayaqlayıblar
kaş yerini biləydim
kaş biləydim yerini
on barmaqla qazardım
o daşlaşmış torpağı
tez gətirib yuyardım
yuyub sıxıb asardım
on beş sancaq vurardım
asanda zivəmizdən
amma nə dedim səncə
Vyana polisinə
dedim, səni almışdım
ikicəcik lirəyə
“I don’t need that
peace of shit
please find my money
forty hundred euro in it”
“Pulum lazımdı mənə
içindəki dörd yüz pul
neynirəm pulqabını
bir pox parçası idi
pulqabı cəhənnəmə
pulqabı cəhənnəmə.”
2010
Əvvəlki kimi
Deyirlər, narkotik belə itirib
əvvəlki keyfiyyəti
Bir doz heroindən bir üfürümə aldığın həzzi
indi üç dozdan
ala bilmirsən.
Qatqılı heroin bir yana dursun,
öz əlinlə evin dalında əkdiyin
çətənənin həşişi belə,
xaşxaşın hələ buxara qoyulmamış mayesilə
qarışdırmasan
qaldırmır adamı
göyün yeddinci qatına
əvvəlki kimi
“Polislər narahat olmasın”
– deyir həzz əhli,
“daha hazırlamasınlar min əməliyyat
təhlükəsi yoxdu gənclərin”
2001
__
Təhsil Nazirliyi
İlk siqaretini bölüşən məktəb qaçaqları
ilk öpüşmənin ləzzətini duyan litse qızı
partalardakı söyüşlər
divarlardakı üstəgəlli sevgilər
pəncərə qıraqlarındakı yarımçıq perajkilər
Təhsil Nazirliyinə tabe deyillər
2001
__
Ərizə
Xahiş edirəm, inciməyin
cənab Ağayev,
əlinizin altında işləyən qadınlar
daha istəmirlər gizlətmək bəzi günlər
sizə yazdıqları icazə ərizələrində
əsl səbəbi bəhanələrlə
Əmək Məcəlləsindəki
üstüörtülü xəstəlik bəndləri kimi də deyil,
onlar
ap
açıq yazmaq istəyirlər gözəlliklərini
2001
__
Yay
Axşam külək qalxdı
adlarımızı
mənasız əhvalatlarımızı
allahdan arzularımızı
yazdığımız çərpələngi apardı
Pərdələri və ətəklərimizi qaldırdı
Hamı dedi:
bir bax, bax:
yay da qurtardı
2001
Çıxış yolu
Sevgiliniz atanda sizi
ürəyiniz bulananda kədərdən
təhqir olunanda gözünüzün içinə kimi
canınıza üşütmə salanda
qarşıda uzun illəri tək yaşamaq
Buna dayanmaq istəyirsizsə bir az asan
çarəni uzaqda axtarmadan
yubanmadan
dəyişin ayaqqabınızı
Sağ ayaqqabını sol ayağa geyinin
Sol ayaqqabını sağ ayağa
Yol gedin durmadan
Elə narahatlıq verəcək ki ayağınıza
Kirəclənmə gələcək ki
tərlikdən damarlarınıza
Görəcəksiz hər dərdə dözmək
nə qədər asandı bunun yanında
2001
__
Tort
bizim şəhərdə
narkotik satılan yerlər çoxdur
tort satılan yerlər də çox…
ancaq yalnız birində
bəlkə də dünyanın yalnız bir yerində
kakainli tort sifariş etmək olar
nizami küçəsi
dalan altı, ev yeddi
köhnə hamamın yanı
dadlı şirin xəmir
üzəri kivi ilə bəzədilmiş
ancaq zəhlətökən kremlər, ədviyyatlar yerinə
ad gününün tarixi və adın
bir aşbaz azərbaycan qadınının barmaqları arasından
kakain tozuyla səpilmiş…
qadın sifarişi tamamlarkən əllərini önlüyünə silmiş.
2001
Abort
Abortun dövlət qiyməti otuz manatdır bizim ölkədə
mənsə anamın qarnında yarımçıq bir döləm
vur-tut dörd həftəlik
bu gün sovuracaqlar məni Omeqa alətilə
dünən anama məsləhətlərini eşidirdim qadınların
Əzizə, deyirdilər,
abort günah deyil, o sadəcə bir ingilis sözüdür
mənası nəyisə yarıda kəsmək, saxlamaq.
Hər bir qadının böyük arzusu “fəvqəlinsanı doğsaydım mən”dirsə
abortqabağı ilahi tərəddüdlər keçirməsi bundandır onların
dahi anası olmaq ehtimalını əldən buraxmaq istəməzlər
bir vedrə sabunlu suyu döşəməyə əndərib
ayaqlarının baş barmağının ucuyla şəkillər cızırlar
adam adları yazırlar, adlardan biri elə uzun olur ki şpaqat açıb yıxılırlar
və ağlayıb İncilin 35-ci ayəsini düşünürlər
abortsa günah deyil
o sadəcə bir ingilis sözüdür mənası nəyisə yarıda kəsmək, saxlamaq
indi mən anamıa toxtaqlıq verməkdəyəm
onunsa Tanrı səsi gəlir qulağına abort vaxtı çatdıqqca
Yeri gəlmişkən, görəsən basdır, yumşaq tenordur, yoxsa sopranodur Tanrının səsi?
O gündə əlli səvini sovuran, qanlı əllərini yuyan
və çek uzadan ağ xalatlı qadına bax
müdrikdir səndən fərqli olaraq, ana, bilir ki
anaların uşaqlara verdiyi ən böyük xoşbəxtlikdir abort
artıq doğulmuşlar borclu deyillər analarına
onlara verilən həyata, çalınan laylaya görə
nə borclusu, canım? Yarımçıq döl kimi son verilən bizlərik əsl borclu anamıza.
Sadəcə yarımçıq döllər dünyasında itməməkçün gərək bizə də ad qoysunlar
amma Sevda deyil, Ehtiras kimi adlar
zira sevmək getdikcə daha çox vermək və vermək
ehtirassa getdikcə daha çox almaq və almaqdır
az qalıb, sənin məndən, mənimsə həyatdan azad olacağım saat yaxınlaşmaqda
Səni ağrıdacaq bu əməliyyat, bilirəm ana,
ancaq hazır olmalısan övladının səadəti yolunda bütün əzablara
Eşitmişəm abort tör-töküntülərindən kosmetika düzəldirlər
eşitmişəm bu səbəbdən daha parlaq və qalıcıdır “Lankome” dodaq boyası
“Pupa” firmasının ənlikləri bu səbəbdən daha ürəkoxladıcıdır
gülümsə, ana, mən sənin üzündə ənlik və kirşan kimi yaşayacağam!
2004
__
Nevrotik*
Beyin siflisi
Bakı şəhərini 1970-ci ildə
yanvarın 5-dən 6-na keçən gecə
mən saldırmışam
yüz min qulum vardı
əmr etdim
onlar da tikdilər
İndi
adam edib ortalığa çıxardığım həkimlər
bunun belə olmadığını
sübut etməyə çalışırlar
gizli qulaq asanda
haqqımda
beyin siflisi dediklərini eşidirəm
mənə konfabulyasiyalı xəstə
diaqnozu qoyan bu adamlar
gəmidə oturub gəmiçilə dava edir
haqqımı tapdayır
nisgil verirlər
Odur ki, xəbərdarlıq edirəm
bir də mənə
layiq olduğum hörməti göstərməsələr
qullarıma əmr edəcəm ki
şəhərimi tikdikləri kimi də söksünlər
ya da ucundan tutub Bakını
sürüyə-sürüyə aparacağam
Simptomlar
Məgər düz demirəm ki
70 yaşlı anam ölsə yaxşıdı
rahat olardıq
mənzilimiz genişlənərdi
axı niyə buna görə məni
emosional kütlükdə ittiham edirlər?
Yataqda uzanarkən
başımı yastıqdan bir az yuxarı tutmağım
hava balıncı təsəvvür etməyim
ya da yorğanı başıma çəkərək gizlənməyim
həkimlərə dil göstərməyim
simptom kimi görünür insanlara
iti sürətlə hərəkət edən maşına tullanıb minmək
divarlara göy qurşağı çəkmək
hər gün hər saat düz yerimək
artıq bezdirəndə
kəlləmayallaq yerimək
küçədə tanımadığım adamları
qalstukundan tutub arxamca sürümək
papaqları başlardan götürüb atıb-tutmaq
məktəbli uşaqların həsrətində olduğu bileti alıb
onları Milana yola salmaq
təyyarə qaçırmaq
barmağımı sormaq
həvəsim oyanır
ərimə xəyanət etmək
nəslimizin adını batırmaq ehtiyacı yaranır
və getdikcə şiddətlənir
buna görəsə məni pozğun elan edəcəklər
halbuki və sadəcə mələklərin bacarmadığı işi bacarıram
yumurta əvəzinə yumurta tozu
süd əvəzinə süd tozu şorba əvəzinə şorba tozu
yeyilən bu günlərdə
kim ki İsrailin bayrağını nəcisə soxur
gözümün dostudur
amma bizim kəşfiyyat kimi çəpiş məxluq yoxdur
dostunu düşmənini ayırmır
İsraillə tərəfdaşlıq qurur
arxamca deyirlər adətən dəlilər yəhudilərə
rəqib kimi baxır
amma, insafla, bütün aləmdə təngə gətirən
fastfudxanaları indi ölkəmizə çəkən
cuhudlara necə dözəsən
dəli olmayasan neyləyəsən
siqaretimin aksiz markasını qızardıb yeyərəm
mən o fastfudxanalara getmərəm
uzun müddət növbəyə dayanandan sonra
tunelə hər girişimdə əl çalıram
yaxşı exosu var
sizə də məsləhət görürəm
saymayın nırç-nırç nırçıldayanları
bilirəm ki xərçəngəm
xəstəliyimi təsdiq etdirməkçün
SSRİ-nin bir neçə şəhərinə getmişəm
hər dəfə sağlamlığıma zəmanət veriblər
amma tutarlı əsasım olmasa da
əminəm ki boğazımdakı şişkinlik əbəs deyil
yağın nə üçün sarı
gözlərin kəllənin yuxarı hissəsində olması
dişlərin ondan aşağıda yerləşməsi
məni bərk narahat edir
deyirlər bu sayrışan hallardan əziyyət çəkmədir
müalicəsi 10-75 milliqram sonapaks
5-25 milliqram tizersindir
vaqondakı adamlardan şübhələnməyə başlayıram
mənə elə gəlir ki
xüsusi agentlər bir-birinə işarə verir
məni yaxalamaq üçün fürsət axtarırlar
növbəti stansiyaya çatan kimi özümü
qatardan yerə atıram
xeyli zədə alıram
bir şey deyil sonra xumarlanıram
ağzıma su alıb dostların üzünə üfürməyimi
niyə şıltaqlıq deyil
impulsiv hərəkət adlandırırlar
Həmişə zəifsən ay bala, bir az yemək ye
söyləyənlərim indi
əlimə hər nə gəldi yediyimə görə
utancaqlıq hissini itirdiyimdən danışırlar yana-yana
Hələ
qollarımı qandallayarsız
bilsəniz ki
mətbəx bıçağı necə cəlb eləyir məni
mənsə onları möhkəm yellədərək
gəzmək istəyirəm
Qarabaqara təqib
Dərdim böyükdür böyük
hərdən məndə belə hiss yaranır ki
iki başım
iki ağzım
dörd əlim və
dörd ayağım var
hərdən daxili orqanlarım yox olur
ıı… … …
baxın nəsə deyəcəkdim
yadımdan çıxdı
belə hafizə kəsilmələri
tez-tez olur
Ona görə ki bir qrup adam
məni təqib edir
radio dalğaları
rentgen şüaları
maqnit sahəsi vasitəsilə təsir edir
hisslərimi əlimdən alır
telefon söhbətlərimə qulaq asırlar
dilimi məcburi hərəkət etdirirlər
danışmağa oturmağa
durmağa qaçmağa məcbur edirlər
qolumun başqa nahiyələrində hissiyyat
saxlandığı halda
əlcək formasında hissə keyləşir
corabın örtdüyü sahə də keyləşir
cikimi-bikimi bilmək üçün
dozanqurduya cihaz yerləşdirir
fikirlərimi öyrənir
sonra beynimi kütləşdirirlər
məqsədləri ixtiralarımı mənimsəyib
dəli etməkdir
mən biçarəni həbs etmək üçün
faktlar toplayırlar
yeməyimə tədricən öldürən
zəhər qatırlar
pəncərədən boruyla otağıma yatağıma
birə doldururlar
bunun nəticəsində bədənimin ayrı-ayrı əzalarında
qarışqa gəzişir
ətrafdakı adamları qohum əqrəbamı
bir-birindən ayıra bilmirəm
hamısını bir boyda
bir sifətdə qavrayıram
içirəm bütün günü
qorxuram pataloji alkoqolizmə yoluxam
özümə adi gigiyenik xidmət etmək
əl-üzümü yumaq
saçımı daramaq həvəsim olmur
palata yoldaşımsa
mənə kömək etmək əvəzinə
bütün günü əli qoynunda gəzərək
tezliklə dünyanın
suda qərq olacağını deyir
Adamı yandırır ki
Pəncərə-qapını kilidləmək
sonra qazı açmaq açıq buraxmaq
ikimərtəbə çarpayının yuxarısına qalxıb soyunmaq
tavandakı nəfəslikdən gecə mavisinin bir ucu görünür
sükut up-uzun boru olub girir qulaqlarına
küçədə maşınların şüşəsilənləri qalxıb enir bu dəqiqə
yağışı və palçığı soldan sağa sağdan sola itələməkdə
həyat kəkələməkdə
hafizəndəki süitalar silinib gedir
hələ də vanna spreyinin qoxu atomları uçuşur havada
bir azdan ərin gələcək
işığı yandıracaq
və sən, akvariumdakı dörd balıq, pişik, damdabaca
sovrulacaqsız havaya
sonra uşaqlar məktəbdən qayıdacaq
onları göndərəcəklər yetimxanaya
amma adamı yandıran bu deyil
o yandırır ki törətdiyin intihar partlayışında
sizinlə birlikdə otaqda
milyonlarla günahsız bakteriya da öləcək
Sən başqasan
(şer içində şer)
allah @ mail.net
kecmishe @ indikiaglimla.az
bizevizayollayin @ yeddincigite. com
yer üzündə olmayan adreslərə meyl atıram
geri qayıdır
bəlkə səhv yazıram hansısa hərfi
beynəlxalq hörümçək toru bizi sevindirərmi
Səhər mənə elə gəldi ki
kişiyəm üzümü qırxdım
arvadım yaxalıqlı köynəyimi ütülədi
Maqma şərabı qalın çapma stəkanda üzümə güldü
arvadımı öpüb evdən çıxdım
günorta Əbülfəz Qarayevlə nahar etdik
dedi ki bu oyunda Real udsa
bığlarını qırxacaq mənsə ona dedim ki
sənin bığların onsuz da yoxdu
elə bu vaxt Əbiş özü də yox oldu
mən niyə
axı mən niyə onun yalanını çıxardım
guya bundan nə qazandım
utandığından qeyb oldu
aramızdakı incə cığır qopdu
bir də belə fürsət ələ düşərmi
soruşa bilərəmmi gənclər nazirindən
gəncliyin velosipedlərin və itlərin yerini
nə yöndəmsiz axmağam
danışığını bilməyən maymağam
gərək belə axmaqlıqların qarşısını almaq xətrinə
yəhudilərdən başqa mən də
bütün yer üzündə qalanlar da məhv olaydı
belə boş qafayla yaşamaqdansa
məcburi ləyaqətli ölümün qurbanı olaydı
artıq gecdir çox gec
indi simiçka çırtlayıram özümçün
yoqayla məşğul oluram
təmrin dəftəri qarşımda
yarasaları tutub yağından barıt
və sürmə düzəltmək qədər iradəli olmağa doğru
yenə qayıdıram meyllərə
olmayan adreslərə daha bir cəhd
mən sadəcə Ovçular Evinə gedib
silah almaq istəyirəm
hətta sənəd toplayıram
heç vaxt həbsdə olmadığım haqda arayış
şəxsiyyəti təsdiq edən kartdan çıxarış
sonra həvəsdən düşürəm
hardasa uzaqlarda canavarlarla itlər boğuşur
yanlarında olmaq istərdim
ömürdə bir dəfə kımıs içmək
komaya düşmək və şəhərin boş
qalmış atraksiyonlarında sürüşmək
əyri güzgülərlə dolu şənlik salonuna getmək lazımdır
gördüklərini möhkəm yadda saxlamaq
könlündən payladığın vizit kartlarını geri yığmaq keçəndə
qab-qacağı sındırmaq
və sair bəd fikirlər
xatırlayıb hırıldamaq
yaxşı tanıyıram pişiklərin və
doğulmayanlar fəsiləsinin iyini
bilirəm üstündə ölü pişik uzanmış qəzet
dünənkindən daha köhnədir
üstündə bugünkü tarix yazılmasına baxmayaraq
150 məktuba istiqamət verirəm:
zibil yeşiyinə sonra
peşmanlayıb xilas edirəm onları
sonra yenə atıram
deyək ki həzz verir həyatlarının iradəmdən asılı olması
mən də telefonumu avtocavabdehə keçirməyə
və hülul etməyə haqq tanıyıram
çayın üstündən su içib
saksafonsuz caz çalan azərbaycanlılara gülüb
qlobusa üzümü turşudub
aralayıram jalüzü iki barmağımla
qəsəbə eşqlərini seyr edirəm
popkorn yeyirlər 25 nömrəli məktəbin ətrafında
dövrə vuraraq
havanın axşam 6 ərəfəsindəki rəngi
təkcə bu rəng
necə də xatırlatmağa qadirdir keçmişi
bütün zavalları və zəfərlərilə birlikdə
sanki keçmiş yalnız saat 6 radələrində baş vermiş
yenə qayıdıram meyllərə
çünki gördüyünüz kimi
edəcək başqa şeyim
görəcək heç bir işim yoxdur
Sən başqasan
Sən bambaşqasan
yalnız bunu düşünürəm
əllərimi yuyuram
kranı açıq qoyub şırıldadıram
və poçtumu yoxlayıram.
* Nevroloji dispanserdən alınmış xəstəlik tarixçələri əsasında,
2003
__
Çalışmalar
Fərz elə ki,
düz qarşinda havada
işıqdan ibarət bərabərtərəfli uçbucag var:
bu surəti mümkün olduqca qorumağa calış
gozlərinlə bir tərəfindən tutub çevirməyə caliş onu
tetraedr təsəvvür elə:
şəffaf kvars havadan sallanan
dovrə vurub ətrafinda
ona muxtəlif tərəflərdən baxmaga caliş
bir küncdən, o biri küncdən
bacarsan özünü təsəvvür elə
bu tetraedrin icində
sanki kurəyini küncünə söykəyib oturmusan
üzün tilinə tərəf
ozunu yarımsəffaf kristal hiss edirsən
isığa izn verirsən keçsin icindən
bu vaxt şəxssiz olmagi dadırsan
tetraedr kimi düsünür
tetraedr kimi düsünürsən…
daha hamamda sabunlanarkən aglamayacagsan
Bir çiçəyə bax: opium cicəyinə
ve başa heç nəyə
mərkəzləşməyə basla formasında rəngində
sonra gözlərini gapadıb təsəvvür et onu
gozlərini acıb yaratdıgın suretlə
gerçek çiçəyi tutusdur
sonra yenə yum gözlərini
bayagkı təsvirə zəruri əlavələr
ən incə fərg bele galmayana geder
bunu başqa predmetlərlə də sına
daşlarla, pullarla, fotolarla…
daha eskalatordan enərkən ayagını göturməyi unutmayacagsan
Ulduzlari tesevvur ele ve özünü
bir planetden digərine gonan
yuxarıdan Yere bax və
Simal Gütbündən başga hansısa planetə
onun saat əgrəbi əksinə
dönməsinə diggət et
diggət et ki, şəfəglər sərginden gərbine dogru nece kecir
Fərz elə ki,
yerin üzü dümdüz sehradır
onda ne dərələr, nə digər bərabərsizlikler var
sən onunla düz günəşə tərəf gedirsən
unudursan Gunəşin Yerden kənarda olması hagda yalanı
sonra necəsə
bütün dunya
bütün varlıg
səndən geridə galır
özgürcə yellənən gollarla
düz isığa yonəlirsən
Fərz elə ki,
süurun genislənir
çaliş hiss edəsən
hər nəfəs cəkdiyində onun
mərkəzdən yanlara dogru genəlməsini
ruhun getdikcə böyüyür ve böyüyür
bütün istigamətlərdə
elə bil sən hava sarısan
divarları olmayan
hər nəfəsdə bir az daha şişən…
normal halina dönə bilərsən
nəfəsinin yönünü dəyişərək
her nəfəsdə süurunu bədən ölcülərinə gədər kicildərək
həyat galdığı yerdən davam edəcək
Gündə bir dəfə gulagının
iki dəfə burnunun seliyini temizlə
toxunma corab gey, ayran iç
əsnə və yat
dünya səndən elə bunu istəyir
yeri gəlmiskən
günəş var ki, özünüzü günə verəsiz
həyatı təngid edəndə
musadirə etdikləri narkotiki
altdan-altdan satışa gaytaran
gömrükçülərə necə də bənzəyirsşz
çünki yaşamaga davam edirsiz
Fərz elə ki,
agaclar yerlərində tullanıb-düsür
dağlar ipatdı
binalar gacdı-tutdu oynayır
o gün bizim insanlar
fovgəladə hallar komitəsinə zəng edərlər
zavallılar Abid Şərifovdan imdad diləyərlər
güvəndiyiniz güclü adamlar –
bir də baxarsız,
agızlarının yanları aşagi əyilmiş vəziyyətdə
artıg bilirəm, sən də.
halbuki necə gözəl olardı, deyilmi
sənin gözlerindən də gözəl olardı
təbiətlə cəmiyyətin belə togguşmasına baxmag
axmagin biri, axmaq
Bir donuza dik gözlərini
caliş onun süuruna girəsən
ki biləsən donuz olmag nə deməkdir
çaliş, çaliş
an gələcək qəflətən anlayacagsan
özün donuz tərəfinden necə görünürsən
Özünə ən yaxın adamı seç:
görəsən o olmag necə şeydir
süuruna izn ver
bədənindəli yerini tərk edib daxil olsun ona
onun gözləriylə bax
gulaglarıyla eşit
sonra ən uzag adamın
gavrayışına gir fərz elə ki,
öz garsında oturmusan
özünə elə bax sanki basgasısan
öz ətrafında dovrə vur
özünə bütün rakurs və istigamətlərdən bax
necə ki, kristal tetraedrlə edirdin…
2002
Həyat
Sitəm əriyir dondurmalarda
Hüznlə köklənir pianolar
re re re
Evlər damır yağış yağmayanda da
Qış sərt keçmir ‑ qarğalar qarıldayanda da
Xoşbəxt deyilik hər şey olanda da
Həyatın qanunları itirib qüvvəsini
Burulğana düşmüşük
elə bir burulğana
su da içə bilmirik
fincan düşür əlimizdən
Danışa bilmirik
kiminsə xətrinə dəyir sözümüz
qatara minə bilmirik
kiminsə ayağına dəyir ayağımız
dava düşür
Bu mininci milyonuncu yeməyimiz
yeyə bilmirik onu qaydasınca
çəngəl bıçaq qalmır əlimizdə
nə qadın gəlir nə kişi qonağı
Həmişə şit zarafatlarımıza
qarşılıq verən dostlar
indi qaşqabaq sallayır adi sözümüzə
Nəşələnmək üçün yediyimiz dondurma belə
zəhərlənmə verir
ambulansa möhtac edir
Bəs biz necə yaşamışıq indiyə kimi?
Parka qalxırıq fikrimizi dağıtmağa
oturduğumuz skamya təzə rənglənmiş çıxır
sevimli əlbisəmiz bulaşır
Bəlkə hardasa nə isə ilişib
İşlər qarışıb bir-birinə
Həyat qarışıb.
2002
__
Qadın ilk dəfə
Qadın ilk dəfə siqaret çəkəndə
kişilər kimi
Alır bir dostunun
masada qalmış qutusunu
siyirir bir dənəsini
qaçır bayıra
çəkilir kor bucağa
nə olacağını düşünmədən
hansı ucdan yandıracağını belə bilmədən
alışqanı filtirə vurur
Qadın ilk dəfə siqaret çəkəndə
belə olur
Sonra tütünlü ucu sınayır
çəyirtkə səsinin müşayiətilə
elə olmurmu, əzizim?
Siqareti iki barmaq arasında tutmaq
kişilər kimi,
xoş gəlmir ona
on barmağıyla qoyur
boyasız solğun dodağına
Burnuna, ağzına, beyninə
sümürəcəyini bilmədən
elmi sübutlara önəm vermədən
O an
acıyır boğazı
Acı – tanıdığı
istiot və soğandan
quru acı
tüstü kəsir nəfəsini
qəhvəyi göynərti,
məxməri və iti
Gözündən yaş axır
Siqareti yerə atır
Baxıb közərməsinə
yanğın çıxacağından
ölürcəsinə qorxular keçirir qadın
közü muncuqlu səndəliylə
tapdalayır
kişilərdən daha ekoloji
əzişdirir
toz edir
Kimsə bir siqaretə bunca ayaq
sərf etməzdi amma
Boğazını arıtlayır
arıtlayır
arıtlayır
yaylığını tapmaq üçün
çantasını axtarır
göynərti qaraya dönür
və qəhərə dönür
boğazdan içəri nəsə sürüşür
hələ də dərdin
belə ovunacağını düşünür,
kişilər kimi
Üstünə boğaz dərdi də gəlir
öləsən, yanasan səni,
ona dərd çəkdirən qüvvə
siqaretin etdiyini düşmən etməz
Qorxur danışmağa qadın
səsinin dəyişəcəyini gözləyir
Əlbəttə, bu olmayacaq
islahatlar
nümayişlər
partlayışlar istəyir,
Bunlar da olmayacaq
Saçı və nəfəsi üç gün tütün qoxuyur
qadın ilk dəfə siqaret çəkəndə
belə olur
Sonra biləcək
siqareti yan tutmaq
lazım olduğunu
və qoxunu
saqqızla gizlətmək yolunu
“Davidoff” adlı ağrıtmayan
qız siqareti olduğunu
2000
__
Neftli şeirlər
Şeir-dissertasiya
hörmətli professura,
neft də insan kimi bərpa olunmayan ehtiyatlar sırasına daxildi
eramızdan altı min il əvvəl başlamış
tikintidə, yolsalmada,
Misirdə ölüləri yağlamaqçün,
Yunanıstanda yanacaqçün,
Suraxanıda pərəstişçün işlədilmiş,
19-cu əsrdən sənayeyə çəkilmiş neft
21-ci əsrdə bitəcək,
neft yataqları tədricən tükənəcək
tələblə təklif arasındakı fərq
neftin qiymətini kəskin artıracaq
neft böhranı başlayacaq…
bir çoxlarınının fikrincə
neft böhranı artıq başlayıb
2003-2007 neft qiymət artımı
bunun əlaməti
beləcə,
Məhşər Gününə düşməməkçün
ərəb ölkələri 1973-74-cü illərdə
gündəlik neft hasilatını 5 mln barrel azaltmaq qərarı verdilər
başqaları da bunu etdilər
neftin ümumi hasilatı
yeddi faiz azaldı, qiymətlərsə dörd dəfə artdı…
neft tükənəcək,
demək, yüz il sonra Neft Akademiyası bağlanacaq,
neftçilər aylarla dənizdə qalmayacaq
neftlə yox, torpaqda əziz adamlarıyla keçirəcəklər yeni il bayramını…
nə benzin olacaq, nə mazut,
nəqliyyat dayanacaq yollarda,
yanacaq və elektrik yox,
əl əməyinə alışmışlar
çoxdan təqaüdə çıxmışlar.
Jeep və Mercedeslər azalacaq
və çar karetləri kimi görünəcək şəhərlərdə,
onların işləməsinə çoxlu əl əməyi gərək olacaq,
at yenə əsas qüvvə.
indidən hazırlaşsam,
gələcəkdə at maqnatı olmaq olar.
zavodlar dayanacaq
hər yanda ölü metal yığınları dəyəcək gözə
raketlər uçmayınca, tanklar yeriməyincə
atom çamadanları yaxın döyüş üçün silaha dönəcək…
yayda velosiped, qışda xizəkdə gəzəcək insanlar
qaz da tükənəcək neftdən əlli il sonra
məişət yaşanmaz olacaq
əvəzinə Soçidə olimpiada olacaq
hörmətli professura,
Dünya Enerji Agentliyi deyir ki,
qiymətin artım sıçrayışı olacaq 2030-cu ildə
ətraflı bu linkdə…
neftin qiymətinin ardınca hər şey,
ərzağın da qiyməti yüksələcək
kasıblar çənlərin böyründə,
evsiz uşaqlar vağzallarda gecələyəcək.
yol polisi paqonlarını çıxarıb muzeyə verəcək,
görəsən,
bizim rayon polis rəisi nə edəcək…
günəş batareyası işlədəcəyik – deməyin,
onlar daimi deyil, kövrək, şaxtadan qorxan,
tez tozlanan, yuyulmalı olan
səhraya gedə bilməyəcəyik
kərtənkələlər davam edəcək bizsiz arxayın həyatına…
qadınını daha qolların üstündə
aparmayacaqsan otağına
yuxudan əvvəl ağır şey qaldırmaq olmaz mənə –
deyəcək,
enrjinə qənaət edəcəksən
neftin təkrarsız qoxusu üçün darıxacağıq,
məktəb döşəməmizdən
metromuzdan gələn
kerosin iyi üçün…
atamın köynəyinin qoxusu kimi,
kartof qızartmasının qoxusu kimi,
Dior Homme ətrinin qoxusu kimi,
doğma əziz əbədi yaddaşımda qalacaq.
2008
Bu sarı qumdan altda
Abşeronda,
üstündə gəzdiyimiz bu sarı qumdan altda
nə mələklər, nə cəhənnəm var
nə alt dünyanın ağacı, çayı, qavalı…
möhkəm əhəngli argillit
qum daşları və gips damarcıqları var
birinci iyirmi metrədən sonra
nadir alevritli qumdaşı damarcıqları olan laylardı
bu intervalda indiyədək qazılmış quyularda
qaz olmamışdı…
Abşeronda,
üstündə gəzdiyimiz bu sarı qumdan altda
nə mələklər, nə cəhənnəm var
nə yeraltı ruhlar aləmi, –
B-6, B-9, B-14 adlı quyular var
onlarda bəzən alətin uzunluğu boyu 575 metrdə
axdığı görünən sular…
pozuntular var
bütün lülələri şaqül üzrə 500 metr dərinlikdə kəsən
bundan əvvəl qazılmış quyularda bu pozulmaya dair
heç bir problem yaranmamışdı
Abşeronda,
üstündə gəzdiyimiz bu sarı qumdan altda
nə qaranlıq dünya var,
nə qaranlıq dünyanın insanları…
bəzən qazılması peşmanlıq yaradan quyular var
məsələn B-14 quyusunu
böğmaq üçün 1.33 q/sm3 statik məhlul lazım oldu
bu da qazma sürətində maye dövranı yaradanda 1.354 q/sm3 MDES verdi
B16 quyusunda Suraxanı lay dəstəsinin yuxarı hissəsində
LD-ə çatdıqdan sonra əvvəlki başmaq təmizlənmişdi
baltanı yenidən quyuya endirəndə
qazma dəsti 597 metr dərinlikdə ilişdi
quyuda qəfil yan lülə verdi
Suraxanıda
ulu babasının məzarına alın qoyan qoca,
üstündə gəzdiyimiz bu sarı qumdan altda
nə mələklər, nə cəhənnəm var
nə əcdadlarının izi-tozu…
Suraxanı lay dəstəsinin yuxarısı
bir-birini əvəz edən argillit və gips laylardı
B16 quyusunda bu interval 1.30 q/sm3məhlul sıxlığından
istifadə etməklə qazıldı
Nardaranda
üstündə gəzdiyiniz bu sarı qumdan altda
yoxdur
nə pir, nə pirzadə…
neft var, yerin vermək istəmədiyi
tünd boz argillitlər
Çıraq quyularının dəyanətsizliyinə səbəb olmuşdu
Abşeronda,
üstündə gəzdiyimiz bu sarı qumdan altda
nə simurq quşu var, nə sehrli su…
Yuxarı və Anhidrit Günəşli lay dəstəsində
nazik qumlar var və alevrit damarlarında duzlu su
Abşeronda,
üstündə gəzdiyimiz bu sarı qumdan altda
nə div var, nə divlər məmləkəti, nə cənnət alması, –
qaz var
şaqül üzrə min metr aşağıda
yaşıl-boz şistlərin altındakı qumlarda…
və 30 faizə qədər qaz səviyyəsi.
Bu qumdaşlarının çoxu
B01 və B13 quyularında nəzarətlə bağlı problemlər yaratmışdı
Torpağın altında uyuyan müqəddəslərə
and içən qəzəbli insan,
üstündə gəzdiyimiz bu sarı qumdan altda
nə müqəddəs var, nə onların köməyi…
ənənəvi,
yəni şaqüldən böyük yayınması olmayan quyular,
tavanı qeyri-sabitlik nişanlarına malik
tünd boz argillitlər var
nazik qumdaşlarında adətən qaz aşkar olunur
Yuxarı lay dəstəsi tünd yaşıl-boz argillitlərdən ibarət
Bu interval yatağı dağılmağa meylli
xüsusu qeyri-stabil zona…
Abşeronda
ölüsünü torpağa tapşıran adam,
Balaxanı lay dəstəsinin V-VII intervalları
tərkibində qaz olan
nadir, çox narın
qum daşlarına rast gəlinən sarı-qəhvəyi argillitlərdən
və alevritlərdən ibarətdir
ən böyük məsamə təzyiqinə
Balaxanı lay dəstəsinin V horizontunda rast gəlinir
bundan sonra məsamə təzyiqi azalır
Balaxanı lay dəstəsinin VIII intervalı –
Azəri Çıraq Günəşli strukturunun ikinci dərəcəli məhsuldar horizontudur
indi də Balaxanı lay dəstəsinin VIII intervalının qazlı olması gözlənilir…
Abşeronda üstündə gəzdiyimiz
bu sarı qumdan altında
nə ağ qoç var, nə qara qoç, nə onların savaşı…
lay dəstəsinin IX və X intervalları var
argillitlərdən ibarət
və daha qalın qum laylarından ibarət
onlar Azəri Çıraq Günəşli strukturunun üçüncü ən vacib məhsuldar horizontu
onların da bu ərazidə qazlı olması gözlənilir….
Abşeronda
bu sarı qumdan altda
heç bir Cəhənnəm baş verməyəcək
yaxın zamanlara gözlədiyiniz…
B19 quyu trayektoriyasının 311.15 mm intervalda
bir pozuntu baş verəcək
bu pozuntunun Balaxanı l/d tavanında
şaqül üzrə 1679 metr dərinlikdə olması gözlənilir
trayektoriya geoloji pozulma müstəvisində şaqülə yaxındır
Mərkəzi Azəri platformasında bu pozuntularla bağlı
problemlər yaranmamışdı
bununla belə,
bu intervalda qazma aparan zaman ehtiyatlı olmaq lazımdı…
Abşeronda,
üstündə gəzdiyimiz bu sarı qumdan altda
nə iri öküz var, nə öküzün buynuzları
A -12, B, C-5, D-2, E kimi 5 hissəyə bölünən Fasilə lay dəstəsi var,
bu quyuda 9 5/8” qoruyucu kəməri.
LD Fasilə lay dəstəsi E intervalının tavanında gillə səciyyələnir
artıq Fasilə lay dəstəsi B intervalının tavanında quraşdırılıb
8 ½” intervalı B, C və D intervallarında qazılacaq
Abşeronda,
üstündə gəzdiyimiz bu sarı qumdan altında
nə mələklər, nə cəhənnəm var,
nə yeraltı aləm,
nə simurq quşu, nə ağ qoç, nə qara qoç,
nə əcdadlarınızın sümükləri,
nə div, nə divlər məmləkəti,
nə müqəddəslərin nuru,
nə öküz, nə öküz buynuzu,
nə pir, nə pirzadə,
nə qaranlıq dünya, nə qaranlıq dünyanın adamları
nə alt dünyanın ağacı, çayı, qavalı
yoxdur heç birisi yoxdur
yoxdur
yox
2008
Neft və çadra
Hərdən mənə elə gəlir ki sən neft quyususan
mən səni qazıyıram
münasibətimiz lülədir
yəni quyunun qazılmış hissəsi
hərdən mənə elə gəlir ki
sən neft quyusu deyilsən
mən səni qazımıram
münasibətimiz lülə deyil
yəni quyunun qazılmış hissəsi
hərdən mənə elə gəlir ki
mən özüm neft quyusuyam
sən məni qazıyırsan
münasibətimiz lülədir
yəni quyunun qazılmış hissəsi
hərdən mənə elə gəlir ki
mən neft quyusu deyiləm
sən məni qazımırsan
münasibətimiz lülə deyil
yəni quyunun qazılmış hissəsi
hərdən mənə elə gəlir ki
biz ikimiz də neft quyusuyuq
bir-birimizi qazıyırıq
münasibətimiz lülədir
yəni quyunun qazılmış hissəsi
hərdən mənə gəlir ki
biz heç birimiz neft quyusu deyilik
bir-birimizi qazmırıq
münasibətimiz lülə deyil
yəni quyunun qazılmış hissəsi
biz bir-birimizi
nəzarət edilməyən sürətlə qazıyanda
aramızda torlar yapışqan gilli süxurla tıxaclanır
onda sevməyi dayandırır
alçaq sürətli maye dövranıyla torları təmizləyirik
lülənin təmizlənməsi üçün
maye dövranı yaradır
100 barel yüksək özüllü təmizləyici məhlul vurur
lülə geniş həcmdə dağılmasın deyə
nasosla vurma zamanı
borunu lülədibindən yuxarı ən azı yarım şam hərlədirik
sonra yenə sevməyə davam edirik
onda iki yanaşı quyuda
iki yanaşı lülənin qovuşması baş verir
ətrafa sement, vint, əhəng
hicab, şalvar, portmanat səpələnir
bir də səs və bilil
drill drill drillll
2008
_
Qədim şeirlər (1995-98)
Hava bir az soyumuşdu elə bil
key bir bataqlıq çökmüşdü şəhərə
arada üfüq kimi yorucu
üzücü peşmanlıq duyurdum havada,
sənsə dartıb saqqızı ağzından
dolamaqdaydın boynuma.
***
Bu gün yağış yağdı
– buludların kölgəsi kimi
boz, tezbazar
sapsakit – mənim kimi
yamyaşıl – yosun kimi
qapqara – İran bayrağı kimi
***
İki gündü küçələr düşüb yadıma
yenə əsmər, yenə birtəhər
mənə denən,
gecə çıxmayım küçəyə
dözüm səhərə qədər
***
işin ortasında
dincəlməyim gəlir ikigündənbir
yorulub düşürəm əldən
qoyub işləri üst-üstə
istəyirəm
çıxıb ən köhnə küləfrəngidə yatam
qapı cırıldasın hərdən
1998
__
Uşaqlar üçün
Zakir Hüseynov. Təhlükəli yük.
Ev
İstərdim elə bir evim olsun ki
altından tunellər olsun dostlarımın evinə
çox yekə olsun
bir neçə mərtəbəli
çoxlu otaqlı
səliqəli sahmanlı
yaxşı dizaynlı
ancaq mən
çıxıb onun dar çardağında yaşayım
damım konusvari
istərdim elə bir evim olsun ki
hər yeri göy rəngdə olsun
üstündə qırmızı-qırmızı nöqtələri
Mikki
yataq dəstimin
mələfəmin, yorğanımın və yastığımın parçasında
rəngbərəng Mikki rəsmləri var
gecəyarı oyanıb
yarıyuxulu
Mikkinin qara papağını
yekə bir dozanqurdu sanıb
qorxuram
barmağımın ucunu vurub yoxlayıram
ya da
hövlnak sıçrayıb TAPP başına çırpıram,
parçadır – görüncə arxayın olub yatıram
Mikki də yatır
Olar
Uşaqlar,
süfrənizdən qalan artıqları
balıq başını, kabab piyini
toyuğun boğazını,
zavod çörəyinin ortasını,
şorbanın soğanını
pəncərəni açaraq tolazlamaq
birbaşa küçəyə, –
ayıb deyil
əgər hava soyuqdursa, yağırsa qar
donursa quşlar,
titrəyirsə itlər, pişiklər,
itiriblərsə qardan əvvəlki izlərini
nimçənizin kənarına itələdiyinizi
onlara ürəklə atın
düşünürsüzsə onları,
onlar da düşünürlər sizi,
əmin olun.
***
Uşaqlar,
topunuz vurub sındırıbsa qonşunun pəncərəsini
çilik-çilik olub tökülübsə yerə,
indicə çıxıb görəcək, tanıyacaqsa sizi, –
ayıb deyil qoyub qaçmaq,
qaçıb gizlənmək
əgər o varlı, siz kasıbsızsa,
“Olmaz”, – deməyin,
aparmayın onu kasıb atanızın qapısına,
qaçın,
Olar! – əmin olun,
mən də buna əminəm.
(2004)