Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü
I
94-cü ilin dekabrında bir axşamüstü özümə də məlum olmayan səbəbdən möhkəm kədərləndim və hönkür-hönkür ağlamağa başladım. “Axşamlar nə olur sənə belə?” – anam əlindəki işi qoyub mənə yaxınlaşdı.
Doğrudan da, doxsanıncı illər uzun bir gecəydi, bu zülmət gecədə tez-tez atışma səsləri gəlirdi, itlər hürürdü. 93-cü il mənim həyatımda gecə saat üç, 94-cü il həmin hesabla gecə saat dörd idi. Dənizkənarı küçəsi 10 B, mənzil 90 ünvanda, Leninqrad layihəli böyük bir binanın birinci mərtəbəsində yaşayırdım. Olardı on iki-on üç yaşım.
Evimiz gözəl idi, içi dolu dəniz havasıydı, pəncərələrdə “kitayski rozalar”ımız, uzun eyvanımız vardı. Bəzən eyvanın altından keçən adamlara tamaşa edirdim, evdə heç kəs olmayanda torbadan kartof götürüb onlara atırdım. Kartof küçədən keçən adamların ikiaddımlığında yerə düşürdü, gizlənib nəfəsimi içimə çəkirdim, yoldan keçən adam dayanıb kartofu hansı mərtəbədən kimin atdığını təyin etməyə çalışırdı. Kim atacaq, darıxan, diqqət istəyən, macəra axtaran bir uşaq.
Geniş otaqlarımız, Rusiyada əsgərlikdə boş durmayıb rəngsazlıq öyrənən əmimin üç-beş il əvvəl gözümün qarşısında deyə-gülə təmir etdiyi zərif naxışlı divarlarımız, atam “papanın qoç balası” deyə-deyə məni tavana atıb-tutanda yaxından gördüyüm qəşəng çilçıraqlarımız, anamın cehizi rumın əməyi mebelimiz, mebellərin rəflərində çexlərin düzəltdiyi sürahi və fincanlarımız, qalın-qalın azərbaycanca, rusca kitablarımız vardı.
Amma nə olsun?! Xoşbəxtlik yox idi. Üstəlik, mənzil beton binanın lap küncündə yerləşdiyinə görə isinmirdi. İlin üç fəsli içəridə palto-papaqla gəzirdik. Ancaq mən o axşam soyuqdan yox, hansısa başqa səbəbdən ağlayırdım. “Çıxaq bir az gəzək” – anam dedi.
Küçə evdən istiydi. Ayaqlarımız bizi ən mötəbər yerə – məktəbin həyətinə gətirdi. Gözümü məktəbə zilləyib dayandım. Axşam hamı gedəndən sonra məktəb necə sirli, necə qorxulu olurmuş! Qaranlıq elə bil məktəbin içində yaşayan, gecələr üzə çıxan bədheybət idi. Bu sakitlikdə məktəbin içində hansısa krandan damcılayan suyun səsi gəlirdi. Ağaclar bir-birlərinə tərəf əyilmişdilər, elə bil qaranlıq səmada bizim haqqımızda nə isə pıçıldaşırdılar. Biz məktəbin ətrafında bir dövrə vurduq. Gözümü binadan çəkə bilmirdim. Heç bir uşaq, heç bir müəllim, heç direktor da bilmirdi onun məktəbi Ay işığında necə olur, təkcə mən bilirdim. Bir şagird kimi məndə elə bir hiss yaranırdı ki, məktəbdə gündüz vaxtı olanlar gopdur, yalan-palandır, əsas məsələ nədirsə hamı gedəndən sonra, indi, bu zülmət gecədə vaqe olur.
Ay buludların arxasından çıxıb düz bizim fizika sinfimizin pəncərəsində bərq vurdu. Fizika keçməyə elə bu ildən başlamışdıq, fizika bizi əhatə edən maddi aləmin quruluşunu və xassələrini öyrənən elmdir, mən belə cümlələri tutuquşu kimi deyib “5” alırdım. Ətrafımızdakı hər şey – pəncərənin şüşəsində bərq vuran Ay işığı, gecə vaxtı məktəbin binası, damcılayan kranın səsi – fizikaydı. Yaxşı, bəs bu fizika – Ay işığı, gecə vaxtı məktəbin binası, damcılayan kranın səsi bizdə niyə belə güclü daxili hissiyyat doğururdu? Niyə və necə olurdu ki, ətrafımızdakı və bədənimizdəki fiziki-kimyəvi hadisələr şəxsi hisslərdə əks olunur, şəxsi təəssürat yaradırdı? Ətrafda baş verənləri öz şəxsi təcrübəm kimi, öz daxili kinom kimi yaşamağımın səbəbi nə idi? Filosof David Chalmers buna “Şüurun çətin problemi” adı qoyub və problem müasir fəlsəfədə ümumi razılıqla elə bu adla da tanınır: “hard problem of consciousness”. Hər nə isə. Haşiyə çıxdıq, qayıdaq öz sözümüzə, söhbətimizə.
Anamla məktəbdən aralanıb yola, adamlara, maşınlara tərəf üz qoyduq, gəzib yorulduq, yorulub yolun kənarında, bir səkidə oturduq. Anam şarfını boynundan açıb altıma qoydu. Bu vaxt uzaqda bir babayla nəvə peyda oldu. Baba nəvənin əlindən tutmuşdu, bəlkə də nəvəsini oğlugildən birgünlük götürüb nənəyə sovqat aparırdı. Birdən uşaq bizi göstərib “İt! Orda it var!” dedi. Baba o göstərən səmtə baxdı: “Qorxma, it də-yil.”
Onlar keçib getdi, biz də qalxdıq, kədərli çıxdığımız evə gülə-gülə qayıtdıq, nəvənin sözünə güldük, babanın ləhcəsinə güldük, nəhayət, isti mətbəximizə çatdıq. Sobanın ağzı həmişəki kimi açıq idi, soba əjdaha olub ağzından soyuğa od püskürürdü. Qara dördkünc tavada xırda doğranmış çörəklər vardı, oradan iki isti suxarı götürüb ağzıma atdım, xırtıldada-xırtıldada pəncərədən bayıra baxdım. Şüşədə öz əksimdən başqa heç nə görmədim. Sabah bazar günüydü, deyəsən, ürəyim yenə sıxılırdı, başımı qatmaq üçün nə edəydim?
İnternetə girə bilərdim, daxili tənhalığı elliklə aşmaq üçün sosial şəbəkələrə qoşula bilərdim, 90-cı illərin şairləri demiş, “sən də darıxırsan, mən də, gəl bir yerdə darıxaq”. Amma İnternetə hələ on il yol vardı. Telefonumda oyun oynaya bilərdim, amma o da hələ icad olunmamışdı. Televizora baxa bilərdim, amma Sovet istehsalı başıqapazlı rəngli televizor soyuq, qonaqsız qonaq otağındaydı, ora getmək Sibirə yola düşmək kimi bir şey idi. Bəlkə elə televizora da soyuq olmuşdu, işləmirdi. İşləsə də, mənə kömək etməyəcəkdi.
Kitab oxuya bilərdim. Ağ şirmayı mətbəx mebelini anamla aramızda bölüşdürmüşdük, iki dolabında mənim kitab-dəftərim, qalanı onun qab-qacağıydı, masada gah mən dərslərimi edirdim, gah o yemək düzürdü.
Dolabı açdım, səliqəsiz kitab-dəftər qalağım üstümə aşdı. Orada dərsliklərdən başqa Sovet dövlətinin icazə verdiyi xarici ədəbiyyatdan bəziləri vardı. Teodor Drayzerin “Cenni Herhard”ı mənə baxırdı. Amma onu artıq oxumuşdum. Artıq ədəbiyyat odu ürəyimə düşmüşdü. O romanın son cümlələrini lap şeir kimi əzbərləmişdim, indiyəcən yadımdadır: “Bəs sonra nə olacaq? Cenni hələ çox da yaşlı deyildi. İki yetim uşağı böyütmək lazım idi. Onlar böyüyəcək, bir müddət sonra çıxıb gedəcəkdilər. Bəs ondan sonra? Günlər, bir-birinə bənzər günlər. Sonra, bəs sonra?”
Jorj Sandın “İndiana”sı mənə baxırdı. Onu da bu yay oxumuşdum. Oradan da bir cümlə qalmışdı yaddaşımda: “İndiana Aya baxanda yadına ölülər düşürdü.”
Cek Londonun “Martin İden”i mənə baxırdı. Onu da bu yay oxumuşdum və kitab bu səhnəylə qalmışdı yadımda: Martin intihar etməkçün var nəfəsiylə dənizin dərinliklərinə enir, amma peşman olur, geri qayıtmağa isə nəfəsi çatmır. Lap nənəm deyən olmuşdu. Nənəm roman oxuyub gözləri dolan qızlarına belə deyirmiş, öz dərdimiz azdır, kitabları oxuyub özgələrin də dərdini tökürsüz ürəyinizə.
Anam mətbəx mebelinin üstündəki qara maqnitofonu qoşdu, radionu açdıq. Dalğadan dalğaya gəzişdim. İndi dil-dil ötən saysız fm radiolar hələ yox idi. Radiodalğalarda gəzişəndə gah ərəblərə rast gəlirdin, gah fars dilinə, gah da elə qəribə səslər gəlirdi ki, elə bilirdin yad planeti tutmusan. Anteni sağa-sola tərpədib yadplanetlilərin siqnallarını daha aydın eşitməyə çalışırdım. Birdən o qəribə səslər qeyb olurdu, onda məni dərin məyusluq bürüyürdü.
Doğma Azərbaycan dilini cəmi iki dalğada eşitmək olardı. Dövlət radiosunda və Araz radiosunda. Elə bu vaxt Araz dalğasında atamın səsinə bənzər doğma, səmimi, ecazkar bir səs gəldi. Səsi eşidəndə donub qaldım.
“Qəfil şaxtada quş kimi
budaqda donub qaldım (Z.Rüfətoğlu)”
Bu səs kimin səsiydi? Gah o danışırdı, gah başqaları. Elə şeylərdən danışırdılar ki, o şeylər dünənin yox, o günün dünyasıydı, zamanın ruhuydu. Mənimsə köksümdə bu ruhu yenicə duymağa başlayan gənc bir ürək çırpınırdı. Sonda, veriliş bitəndə “mən, Zülfüqar Rüfətoğlu” dedi həmin səs.
O gündən hər axşam həmin saatda radionun qarşısında oldum. “Danışır London. Efirdə Bi-Bi-Si-nin Azərbaycan xidmətidir! London vaxtıyla saat 16:00, efirdə Zülfüqar Rüfətoğludur.”
İndi radioda iki verilişin, necə deyərlər, daimi dinləyicisi idim:
Biri Azərbaycan folkloruna həsr olunmuş, həftədə bir dəfə efirə çıxan “Bulaq” verilişiydi. Özüm o yaşımda, durduğum yerdə o verilişi sevərdimmi, bilmirəm, onu mənə anam həvəslə, şövqlə tərifləyib sevdirmişdi. “Bulaq”dan indi yaddaşımda bir neçə xalq əhvalatı və bu cür cümlələr qalıb: “Baharda qocalar əsalarına baxıb görərlər ki, tumurcuqlayıb. Deyərlər, nur olasan səni.”
O biri isə BBC-nin Azərbaycan dilində gündəlik bir saatlıq proqramı oldu. İndi BBC-ni sevməyənlər çoxdur, bilirəm, o zamansa BBC-ni bütün azərbaycanlılar sevirdi, oradan vicdanlı vətəndaş səsi gəlirdi. Z.Rüfətoğlunun ən sərt jurnalistikası da – “Çətin sual” verilişi də bir ağciyəriylə o çətin illərdə ümidlə yaşayan azərbaycanlıların ürəyindən xəbər verən siyasi suallarla nəfəs alırdısa, o biri ağciyəriylə bədii sözlə nəfəs alırdı. Bunu hiss etmək çətin deyildi.
96-cı ildə Zülfüqar Rüfətoğlu Qarabağ müharibəsi başlanandan Ermənistana, Şuşa və Xankəndiyə səfər edən ilk azərbaycanlı jurnalist oldu. Bu səfərdən o, “Atəşkəs kölgəsində” adlı 10 hissəli radiooçerk hazırlamışdı. Həmin radiooçerkdə Zülfüqar həm cəsarətli bir jurnalist, həm parlaq qələmli bir publisist, həm də sözün əsl mənasında öz səsi, öz odu olan istedadlı bir şair kimi aydın görünürdü. Zülfüqar Azərbaycanın ilk milli qəzeti olan “Səhər” qəzetinin ruhunu BBC-yə də aparmışdı. O radiooçerk səslərlə çəkilmiş bir radio filmi idi. Silsilənin sonuncu verilişi “Gecəyarı qapıları döyməyin” şeiri ilə tamamlanırdı.
Gecəyarı qapıları döyməyin, Ürək var ki, tıqqıltıya dayanar. Gecəyarı qapıları döyməyin, Yetim var ki, möcüzəyə inanar.
Gecəyarı qapıları döyməyin, Ata var ki, yuxu bilməz həsrəti Ana var ki, namaz üstə yaşayır Oğul var ki, başa çatıb xidməti.
Gecəyarı qapıları döyməyin, Bir möcüzə saxlayıbsa sizi sağ, Bu dünyadır, vallah- billah bilinməz Qapı açıb, kim qarşıya çıxacaq?
Gecəyarı qapıları döyməyin, Haradasa “Ev yiyəsi!”- deyən var, Gecəyarı evinizə tələsin, – Bəlkə sizin qapını da döyən var.
Mən bu şeir haqda çox düşünmüşəm. 90-cı illərdə biz qapıdan qorxurduq. Valideynlərim işə gedəndə mənə deyirdilər: “Qapıya hay vermə.” Qapıya gələn adama etibar yox idi. Qapını açan adama da. Məhəllələrdə bandit dəstələri dolaşırdı. Zülfüqar bu şeirlə xalqını 37-ci ildən 90-cı illərə qədər izləyən qapı qorxusunu bu və digər tərəfləriylə necə də dəqiq hiss edir, rahat və ahəstə bir şeirlə ifadə edirdi.
97-ci ildə mənim həyatımda səhər açıldı. Elə bil zəngli saat səhər 7-ni vurdu. Həmin il universitetə qəbul olundum. Mən də Zülfüqar kimi bir jurnalist olmaq istəyirdim. Amma nə yaxşı ki, jurnalistikaya yox, başqa bir ixtisasa tuş gəldim. Yoxsa, kim bilir, bu gün mən də indiki ruhsuz intermet saytlarının birində xəbərə başlıq yazacaqdım: “Səhiyyə naziri dəyişdi”, siz də xəbəri açıb görəcəkdiniz ki, dəyişən bizim yox, Türkiyənin səhiyyə naziriymiş. Yazacaqdım “Məşhur cütlük boşandı”, elə zənn edəcəkdiniz ki, hörmətli Həmid Herisçiylə hörmətli İlhamiyyə xanım boşanıblar, ağlınıza ilk gələn cütlük onlar ola bilər, nə biləsiz, ancaq xəbəri açıb görəcəkdiz məşhur cütlük Türkiyədə hansısa serialın gənc aktyorları imiş. Türk mətbuatına o qədər aludə olacaqdım ki, Moskva haqda xəbərləri də türk saytlarından götürüb “Moskovada partlayış” yazacaqdım. Kartof kimin başına düşürsə düşsün. “Bu ölkədə 300 adam yanaraq öldü” yazacaqdım. Hər gün min belə xəbər, hər gün min belə layk. Jurnalist olsaydım, b u sel məni də çöp kimi aparacaqdı, indiki halda heç olmasa selin kənarında bir köhnə ağacdan asılıb durmuşam. Belə bir dövrdə Zülfüqar Rüfətoğluna və onun timsalında müstəqillik dövrü jurnalistikamızın pionerləri olan nəslin dəyərlərinə tələb olmayacaqdı. Özü də öz gözləriylə bu vəziyyəti gördü. Zülfüqarın səsi ixtisara düşdü.
19 fevral, 2011-ci ildə mənə yazdı:
“Nərmin salam.
Necəsən? BBC hadisələrini çox ağır keçirirəm. Sənə bir mahnı göndərirəm.
http://video.aol.ca/video-detail/gec-ya-bstkar-emin-sabitolu/933653016
O vaxt mən Əhmədzadə idim. Rəhmətlik Emin Sabitoğlu hər gecə atamla telefonda saatlarla danışırdı. Dost idilər. Sonra qəflətən atam vəfat etdi. Bu hamıdan çox Eminə təsir etmişdi. Bir gün gecə saat 2-də zəng etdi. Dedi, bağışla Rüfətin səsini eşitmək istəyirdim. Sənin səsin atanın səsinə çox oxşayır. İndi mənim səsim ən azı BBC-yə lazım deyil.
Bir də Şuşa şeri haqqında. Bu elə-belə şeir deyil. Mən orda əmim oğlunu itirmişəm. Sənə göndərdiyim link adı şəhid siyahısıdır.
http://agdam-ih.com/icra/?page_id=523
Vaxtın olsa, qoca polkovnikə yaz
Zülfüqar”
18 mart, 2011-ci ildə yazdı:
“Əzizim Nərmin
Elə indicə son dəfə efirdə oldum. Səhər proqramında. Lütfən vaxtın olsa qulaq as.
Kitablara görə çox sağ ol. Alatoranı hardan almaq olar. İstəyirəm Rəşada deyim, 10-15 nüsxə alsın.
Sənə yenə yazacağam.
Bu da axırı.
Zülfüqar”
II
94-cü ilin o dekabr axşamından düz on il sonra, 2004-cü ildə Zülfüqar Rüfətoğluna ilk dəfə email yazdım, “Alatoran” üçün şeirlərini istədim. 2006-cı ildə də istədim şeirlərini, lakin yalnız 2010-cu ilin mayında şeirlərini göndərməyə razılıq verdi, “Alatoranda çap olunmağıma, əlbəttə sevinərdim. Alatoran ciddi jurnaldır. Sizə çox təşəkkür edirəm” yazdı, 2010-cu ilin dekabrında nəhayət, mənə şeirlərini göndərdi. Yaxşı, bəs niyə belə gec?
Sən demə, işlədiyi müddətdə BBC ona şeir çap etdirməyə icazə vermirmiş. Bu haqda da özü məktubunda deyir:
“Yaralara dərman sürtən Nərmin, salam
Məktubunu oxumaq əlbəttə ki, böyük bir rahatlıqdır. Atam deyərdi ki, insanlar səni sadəcə olaraq yaxşı adam olduğun üçün sevməyə bilərlər. Əgər sənin kimi Nərmin haqqımızda belə yazıbsa, deməli mən bu uzun ömrümü elə-belə yaşamamışam. Bizim BBC daxildə necə bir idarədirsə, sənə ayrıca danışacam. Bunlar mənə hətta şeir çap etdirməyi qadağan etmişdilər. Odur ki, sənin sayəndə Alatoranda çap olunanlar Nəsimi demişkəm,
Ey bülbüli-qüdsi nə giriftari qəfəssən,
Sındır qəfəsi, tazə gülüstan tələb eylə,
kimi bir şeydir.
Kukla Teatrının direktoruna tapşırmışam ki, mümkün olan qədər Alatoranın nüsxələrini alsın.
Şahin Əhmədzadə Nəsimi Rayon Polis İdarəsində cinayət axtarışı idarəsinin rəisi idi. Deyirdi ki, anamın qəbri Şuşadadır, mən orda olmalıyam. O hələ də itkin sayılır. Onun cəsədini mənim xahişimlə hətta Aleksey Manvelyan da tapa bilmədi.
Onun ölümündən az sonra oğlunu maşın vurub öldürdü. Arvadı ərə getdi. Bu da axırı.
Nə yaxşı ki, dünyada sənin kimi insanlar var.
Lütfən öz kitabını mütləq göndər.
Komsomol salamı ilə
Zülfüqar
20 fevral, 2011”
Başqa bir məktubunda yazır: “Jurnalistika ədəbiyyatın ögey anasıdır.” Sonralar, 2019-cu ildə çıxan “Mavi gözlü ögey ana” şeir kitabının adı da buna işarə idi. Jurnalistikadan ayrılandan mənə tez-tez şeir göndərirdi. İndi ögey anadan uzaqlaşmışdı, şeiri qol-qanad açmışdı. Daha çox şeir yazırdı.
Şeirin də xalça kimi çeşnisi olur. Şair var, başqasının çeşnisi ilə şeir yazır, şair var, öz çeşnisi ilə. Zülfüqarın öz çeşnisi vardı. Bəzi şeirlərinin üslubunu vətəndaş lirikası adlandırırdı. Amma hətta sevgi, tənhalıq haqda şeirlərindən də barıt qoxusu gəlirdi.
Yenə Vaterloda veyillənirdim,
Hava da sərindi, yeri gəlmişkən,
Yıxılıb düşdüyüm gölməçə mənim,
Temzadan dərindi yeri gəlmişkən…
Özümü yetirdim qədim bir paba,
Tərslikdən yox idi bircə boş masa,
O anda nə qədər xoşbəxt olardım,
Bir alkaş getməkçün ayağa qalxsa…
Küncdəki masada oturan qadın,
Mənə çox baxırdı, yeri gəlmişkən,
Görüb üzümdəki çarəsizliyi
Yanına çağırdı yeri gəlmişkən…
Gözləri səmaydı, saçları günəş,
Səma da, günəş də mənə tanışdı,
Mən də bir girdirmə ingilis kimi,
Əvvəlcə havadan bir az danışdım.
Masanın altında zənbili vardı,
Söhbətçün bu idi gözümə dəyən,
Aşkarca, mənasız bir sual verdim:
“Milad bazarlığı etmisiz, deyən”…
Onun bu sualdan dodağı qaçdı,
Yerinə düşmüşdü, yeri gəlmişkən,
Mənə göstərməkçün çantanı açdı,
Bayram sovqatıydı, yeri gəmişkən…
Bir-bir sadaladı hədiyyələri,
Ərindən başlamış qardaşınadək,
Mənisə bir alçaq paxıllıq tutdu,
Həmin siyahıda olaydım gərək.
Sonra da taksiyə ötürdüm onu,
“Biz onda ayrıldıq” Bayron demişkən,
Maşın tərpənəndə çevrilib dedi –
“Adım Katerindir, yeri gəlmişkən”…
Bəxtimin rəngində olan o taksi,
Tərpəndi, dərhal da tindən buruldu,
Mənsə isti-isti hiss etməmişdim,
Mənfur Vaterloda necə vuruldum.
Gözlərim apaçıq qalmışdı mənim,
İynəsi vurulmuş bir dəli kimi,
Donmuşdum küçənin ortasında mən,
Müzəffər Nelsonun heykəli kimi..
Hava şaxtalaşdı, qar da oturdu,
Yeriyə bilmədim, yollar sürüşkən,
Məni bir ingilis killeri vurdu…
Adı Katerindi, yeri gəlmişkən…
Dünya ədəbiyyatından Azərbaycan dilinə tərcümə etdiyi şeirlərdə də döyüş, yoldaş, silahdaş kimi sözlər olurdu. Məsələn, Radyard Kiplinqdən etdiyi tərcümələr.
“Böyük ingilis şairi Radyard Kiplinqdən bir tərcüməmi də göndərirəm.
Təəssüf ki, bizdə çoxları onu yalnız “Mauqli”nin müəllifi kimi tanıyırlar.”
İlk ixtisası ingilis dili tərcüməçiliyi idi. Bədii tərcümə onda çox gözəl alınırdı . İngilis şeirini Azərbaycan dilində elə yaradırdı ki, buna ancaq əhsən demək olardı.
Burada yazdıqlarımı onun özünə də yazırdım, o da “isti və ürəkaçan sözlərə görə” təşəkkür edirdi, nəzakətli bir adam kimi o da gənc qələm dostunun şeirləri haqda xoş sözlər yazırdı. Deyirdi, səmimiyəti, hisslərin səmimiyyətini poeziyanın əsas meyarı sayır.
Dilə qarşı həssas mövqeyi vardı. Bir məktubunda yazır:
“Əzizim Nərmin
Kitab və jurnala görə çox sağ ol. Zəhmət çəkmisən.Mən də yavaş-yavaş radionun ölümünə alışıram. Mayda Bakıya gəlməyi planlaşdırıram. Planlaşdırıram yazdım, yadıma ingilis tələbəmin bir sözü düşdü. Dedi ki, siz əgər Azərbaycan dilini öyrətməyə “ATA” “ANA” və sair bu kimi sözlərlə yox, PLANLAŞDIRIRAM kimi sözlərlə başlasanız bir köpəyoğlu bu dili öyrənməyə girişməz.
Azərbaycan dilindən əvvəl İstanbul türkcəsini öyrənib. Ona görə də imtahana gedəndə ona dedim ki, bütün türkcə öyrəndiklərini unut. Dərhal farağat dayandı və belə bir şeirvari sözlər söylədi.
SAXLAMAQ is not to hide
SAXLAMAQ is just to keep.
Yəni SAXLAMAQ gizlətmək deyil, SAXLAMAQ elə saxlamaqdır.
Ən gülməlisi də budur ki, bizim diplomatiya kollecində bir türkiyəli xanım da var və mənim tələbəm onunla həmişə türkcə danışardı. Son dəfə görüşəndə tələbəyə deyib ki, sən indi Azərilər kimi danışırsan.
Deməli zəhmətimiz hədər getməyib.
Məktublarını gözləyirəm.
Zülfüqar
18 aprel, 2011″
III
2013-cü ildə ona yazdım ki, Londona gəlmişəm, bir neçə il burada olacağam. Məni ailəvi surətdə “London kababı yemək üçün” öz ailəsiylə yaşadığı evinə dəvət etdi. Amma əziyyət vermək istəmədim, tək, ayaqüstü görüşməyi üstün tutdum.
Onda o, artıq iki ildi ki, BBC ilə vidalaşmışdı, şəhərin tamam başqa səmtində yaşayırdı. Bununla belə, mənlə görüşü keçmiş iş yerinin – BBC Broadcasting House-un yaxınlığına təyin etdi. Görüşən kimi dedi, gəl bu pabda oturaq, mən işləyəndə həmişə burada otururdum.
Xarici görünüşcə J.P.Sartra bənzəyən, bənizi tutqun və kədərli görünən bu adamın sözü-söhbəti Azərbaycan idi, elə bil bu otuz ili Londonda ancaq və ancaq vətən üçün darıxmışdı. Onda xalis köhnə nəsil milli ziyalı obrazı vardı. Amma “Londonda yaşamağın o işi yaxşıdır ki, burda azadlıq havası var” – birdən dedi.
Ona baxıb bu misralarını fikirləşirdim:
“Mən Bakıda doğulub
Londonda ölmüşəmsə,
mənə kim ağlayacaq, Trafalqar yağışı,
ağla məni, yu məni.”
Axırda elə də oldu. Zülfüqar Londonda öldü, Garden of Firdaus müsəlman məzarlığında dəfn olunub həmişəlik Londonda qaldı.
Amma hələlik biz “The Marylebone” pabındaydıq. Sifariş vermək üçün ayaq üstə xeyli gözləməli olduq. Zülfüqar köhnə londonlu kimi bunu mənə barmenin irqçiliyi ilə izah etdi. Nəhayət, sifarişimizi alıb əyləşdik. Mənə elə gəldi ki, o öz xatirələri və qayğıları haqda danışmaqçün bir azərbaycanlı tapdığına sevinir.
“Mən dörd dəfə evlənmişəm” masaya əyləşən kimi dedi. “Eynilə ssenarisini yazdığım Şirbala kimi.”
Məni gülmək tutdu. Bu yolda başına gələn acı-şirin əhvalatlardan, özü demiş, “Qərb demokratiyasının istisnalarından” danışdı və dedi: “Nəhayət, arzuma çatmışam. Məktəb vaxtı sevdiyim qız sonuncu həyat yoldaşımdı. Təzə evlənmişəm.”
Sonra dedi, evimin arxasında gözəl bir bağçam var. Dedi, bir azərbaycanlı qonşum da var, üzünü turşutdu, – dua-filan yazır. Bir dəfə gəlib bizim həyətdə gül toxumu əkdi. Dedim ona, birdən xaş-xaş əkib işə salarsan məni. Əkdi, getdi, bir gündən sonra məni işdən çıxartdılar. Dedim ona, nədi əlinə nə gəldi gətirib əkirsən həyətimdə? Nə idi əkdiyin, gəl çıxart apar …
Zülfüqar danışdıqca hirslənirdi. Həmin kişiyə hirslənirdi. Mən gülürdüm. O, hirslənsə də heç kəsi qorxuda bilməyən gülməli bir babaya dönürdü. Mənsə gülüşümü saxlaya bilmirdim. Sanki o uzaq 94-cü ilin soyuq dekabr axşamının əvəzini çıxırdım.
15 noyabr, 2024
“Dəli yoxdu e, Nərmin, dəli yoxdu.
Kimə baxırsan müdrikdir.
Gəncləri deyirəm.”
Seymur Baycan
Bugünlərdə şair, esseist, tərcüməçi Nicat Məmmədovun yeni şeir kitablarını oxudum və bənzərlərinə axırıncı dəfə 2000-ci illərin əvvəlində “Alatoran” jurnalı ətrafındakı kiçik mühitdə rast gəldiyim azad ruhlu, dəlisov, avanqard şairi tanıdım.
Nicat Məmmədovun “Neprerıvnost-Aramsızlıq-Continuity” şeirlər kitabı haqda artıq nəcib bir esse yazılıb, kitab haqda nə lazımdırsa, orada göstərilib. Mən yalnız onun “Nihad Fəlsəfeh. Qızıl səslər” kitabından söz açacağam. Kitabda bayatılar, mədhiyyələr, haykular, portretlər, ağ şeirlər və “Qızıl səslər” poeması var. Bu şeirlər ənənəvi Nicat Məmmədov şeirləri deyil, müəllifin daxili aləmindəki ikinci, tamamilə müstəqil şairin səsidir. O, Nihad Fəlsəfeh, Orxan Səməd, Məzahir Batini və s. kimi imzalarla da yazır.
Nihad Fəlsəfehin şeirlərində dilin ən hörmətli sözləri (dünya, insan, həqiqət, həyat, ölüm, məna və s.) ilə dilin ən hörmətsiz sözləri (dilçilərin vulqar dediyi sözlər) görüşür. Bu, şahzadəylə sərsərinin, keşişlə əyyaşın görüşüdür. Bu, dilin iki ucqar nöqtəsinin görüşü deməkdir. Sərsəri şahzadəyə, əyyaş keşişə meydan oxuyur. Adətən ədəbiyyat belə edir, – sərxoş Qranter, sərxoş Kefli İsgəndər sözün düzünü deyib qalib gəlir.
Nihad Fəlsəfehin şeirlərində hedonist etika var, danışan səs həzzi ən ali məqsəd hesab edir. Amma mahiyyətcə bu, ərköyün hedonizm deyil, dünyanın reallığından məyus olmuş adamın həzzə son istehkam kimi sığınması, həzzi üsyan və müqavimət alətinə çevirməsidir. Bu, kef xatirinə kefi təbliğ edən harın insanın deyil, həyatın puçluğuna qarşı əliyalın insanın kinayəli həzzi və həzzə kinayəsidir.
Vulqar sözdən bütün digər ritorik vasitələr kimi yaxşı da, pis də istifadə etmək olar. Amma etiraf etmək lazımdır ki, vulqar sözlərlə estetik mətn yazmaq çox çətindir, çünki o sözlər mətnin bir hissəsinə elə diqqət çəkir ki, oxucunun diqqəti bütövdən yayınır. Bunun uğursuz nümunələrini biz son illər çox görmüşük. Amma Nicat istedadlı bir filoloq kimi nəyi necə etməyi yaxşı bilir. O, bütövü hissənin, məğzi təfərrüatın ayağına vermir.
Əgər belə şeirlər Qərb ədəbiyyatşünasının əlinə düşsəydi, o, hökmən qədim latındilli şair G.Catullusun “Karmen 16”-sı ilə paralel aparardı. Deyərdi “Karmen16” elə açıq-saçıq idi ki, onu hər dəfə çap edəndə hansısa misranı senzura edirdilər, eramızdan əvvəl yaşamış bu şairin bu erotik şeirini ingilis dilində tam şəkildə yalnız XX əsrdə çap etmək mümkün olub. Lakin Nihad Fəlsəfehin şeirlərində məsələ “Karmen16” sayaq, sadəcə eksplisit erotika, çılpaq-yalın söyüş olsaydı, bu kitab uğursuz olardı. Bu şeirlərdə estetik müstəvidə erotik nihilizm və yorğun naturalizm gördüm.
Bu həyat bir oyundur İnsan oğlu qoyundur Həqiqəti sən tapsan Çalış onu soyundur
XX əsrin əvvəlində rus ədəbiyyatından Mixail Arsıbaşevin “Sanin” romanında da Vladimir Sanin bədən həzzi üçün yaşamağı təbliğ edir, amma adi kütləvi erotik romanlardan fərqli olaraq, o ədəbiyyat tarixində qalıb. Çünki həmin romanın böyük məqsədi vardı, onun qəhrəmanı Rusiya cəmiyyətində 1905-ci il inqilabından sonra gedən böyük dəyişikliklərə reaksiya verirdi; Duma ilk dəfə demokratik yolla seçilmişdi, ölkədə hər mənada azadlıq küləkləri əsirdi. Romanın qəhrəmanı nə etdiyini dərk edirdi, əgər Bazarov nihilist idisə, Oblomov tənbəl idisə, Sanin də hedonist idi. O, öz seçimini izah edə bilirdi. Nihad Fəlsəfehin səsi də nə dediyini dərk edən səsdir.
Həyatın mənasını axtarma, Tapa bilməzsən Banan ye
Şeirlərin gözəl məziyyətlərindən biri də üslubudur. Əvvəla, rusdilli bir müəllifin Azərbaycan dilində leksik imkanlarının bu qədər geniş olması, ədəbi dilin özəyi olan bədii-poetik üslubda bu qədər rahat gəzib-dolanması, qafiyədən qafiyəyə, allüziyadan allüziyaya keçməsi alqışa layiqdir.
Üstəlik, Nicatın digər kitablarında olduğu kimi burada da bir dil deyil, bir neçə dildən istifadə olunub. Bu multilinqual şeirlər kimi həyatımız da bir dildə deyil, bir neçə dildə cərəyan edir. Ədəbiyyatda dilləri ən çox qarışdıran əsər J.Joyce-un “Finneqanın yası” olub, bir romanda 65 dil var, bura dialektlər də, müasir və qədim dillər də daxildir, üstəlik, bəzi sözlər qəsdən təhrif olunub (love-loff). Bu, mexaniki qarışıq deyil, yaradıcı müəllifin daxili ehtiyacıdır, belə bir üslubdan istifadə etmək üçün Azərbaycan və ya rus dilini yox, ümumiyyətlə, insan dilini ürəkdən hiss etməlisən və bu hiss büruzə vermək üçün səni narahat etməlidir.
L.Wittgenstein “dil oyunları” deyəndə onu nəzərdə tutur ki, heç bir sözün və cümlənin sabit mənası yoxdur, hər bir sözün və cümlənin mənası o mətndə, o nitqdə oynanan oyunun şərtlərindən asılı olaraq dəyişir, yerindən asılı olaraq “su” sözü əmr də, suala cavab da, yalvarış da, adi ünsiyyət vasitəsi də ola bilər. Nihad Fəlsəfeh dili sözlərdən də dərinə, söz oyunları və səs oyunları səviyyəsində hiss edir. Nəticədə sözlər və səslər elə qarışır ki, onlar arasında nəinki şairin şəxsi hisslərini, bütövlükdə mədəniyyətin canlı, sirli və mürəkkəb səsini eşidirsən. Nicat Məmmədov da, Nihad Fəlsəfeh də yoxa çıxır, sən bu səslə üz-üzə qalırsan, sənlə onun arasındakı subyektiv təcrübə sərhədi bulanaraq itir və eynilə poemadakı kimi deyirsən:
Sən kimsən? İnsansan ya cinsən?
Yağış damlaları açıq pəncərənin qarşısındakı qəzetə düşüb necə çappıldayırsa, şeir də elə canlı olmalıdır. Şeir gərək azad ruhla yazılsın, ayaqları hisslər üzərində olsun, ağıldan (əqldən) uca olsun, o qədər uca olsun ki, əqlə imkanlar açsın, tanıdığımızı zənn etdiyimiz dünyanı və özümüzü bizə başqa bucaqdan göstərsin. Şeir lirik də ola bilər, qəzəbli də, təki canlı olsun, əti-sümüyü sözdən, ruhu həqiqi hisslərdən nəfəs almış olsun. Ürəyimiz çırpınsın şeiri oxuyanda, içimizdəki buz dənizi qırılsın, gözümüz yaşarsın, dodağımız qaçsın, yaxud da yumruğumuz düyünlənsin. Nihad Fəlsəfehin şeirlərini oxuyanda məni hansı hiss bürüdü? Vahimə hissi. O güclü hissi mən, 10 manata bilet alıb kinoya getsəydim, heç bir qorxu filmində duymazdım, bu şeirlərdə duydum. Bu şeirlərin bəziləri alimin ayrı-ayrı ölülərin hissələrindən düzəltdiyi Frankenştayn kimi, insanın öz yaratdığı, amma özünə qarşı çevrilən mədəniyyət monstrı kimi iki əlini havaya qaldıraraq üstümə gəlirdi. O, azərbaycanlı idi, Frankenştayn Tofiq oğlu.
M.Svetayeva deyir mən sözə elə inanıram ki, kimsə məktubun sonunda “Sənin filankəs” yazanda elə bilirəm o adam doğrudan da mənimdir. Elədir ki, var. Elədir ki, var. Elədir ki, var.
Kitab oxumaq əziyyətli işdir. Əziyyət təkcə kitab adlı o dördkünc əşyanı əlində saxlamaqla, gözlərini ona zilləməklə bitmir, fikrən də gərgin vəziyyətdə olmaq, hekayə, şeir istədiyin kimi bitməyəndə məyus olmaq var. Məyus olanda həyatda olduğu kimi əvvəl üsyan edib sonra taleyin gətirdiyi vəziyyətlə barışırsan. Əgər kitabdakı personajların taleyini istədiyin kimi həll etmək mümkün olsaydı, bu, sənət yox, ustadlar doğru deyiblər, menyü olardı, istədiyin neməti qarşına gətirərdi. “Qızıl səslər” kitabı menyü deyil, sən onu deyil, o sənin növbəti vəziyyətini sifariş edir.
Nihad Fəlsəfehin şeirləri göstərdi ki, ədəbiyyatımızda dəli var, dəlisov var. Lakin heyf ki, o, bugündən – gənclər arasından yox, keçmişdən gəlib, 2000-ci illərin əvvəlindən, o azad ruhlu dəlisov illərdən gəlib. Gündüz əlimizdə çıraq, yeni dəli axtararaq.
09.10.2024
_
Nəriman-duşa moya!
Berlin divarı sökülən vaxt mən Nərimanov parkında karusel növbəsində durmuşdum. Karuselin adı “Vesyolıe gorki” – Şən təpəciklər idi. Dəmir qatar relslərin üzəriylə dəmir təpəciklərə qalxır, qəfil enir, adamlar qışqırışırdı.
Məni bu parka tez-tez gətirirdilər. Yelləncəklər, təkərli atlar, günəşə bənzər “Orbita” kimi nəhəng karusellər beş-on qəpiyə idi. Bir ovuc qəpik qurtarana qədər Nərimanov parkının bütün karusellərini sınayırdım, bəzilərinə üç dəfə minirdim. Bircə “Şən təpəciklər” heç cür adiləşmirdi, ona tək, atamsız minə bilmirdim.
Ancaq 1989-cu ildə dünyada gedən qlobal dəyişikliklər nə cürsə uşaqlara da təsir göstərdi və mən özümü bu karuselə tək minməyə hazır hiss etdim. Kassada atam dedi: “Papa qurban, mən də gəlim?” Mən çiyin atdım. Dəmir pilləkənlə karuselin ətrafındakı döşəməyə qalxdım. Orada adi addımlarla addımlamaq da möhkəm səs çıxarırdı. Özümə bir yer seçib oturdum və zənciri kilidlədim. Oturacaq çox sərt idi. Sovet dövləti karusellə silahı eyni bir maddədən düzəldirdi. Uşaqlar, böyüklər yanımdan ötüb yer tutmağa tələsirdilər. Cəmi bir il sonra başımıza nə gələciyini – bu parkı tikən dövlətin dağılacağını, müharibə başlayacağını, valideynlərimin ayrılacağını bilmədən, qarşıdakı kasıb və kədərli illərdən xəbərsiz karuselin yola düşməsini gözləyirdim. Çiynimdə çəhrayı çantam, çantada açılıb-yığılan şəxsi stəkanım və yelpiyim vardı. İndi onlar da mənlə bir səyahətə çıxacaqdı.
Karusel əvvəl yavaş gedirdi, çəpərin o üzündə gözləyən anamla atamın yanından hər ötəndə mənə əl yelləyirdilər. Onların əllərində telefon yox idi, mənim videomu, öz şəkillərini çəkmirdilər. Elə bir cihaz hələ yer üzündə yox idi, başqalarına göstərmək üçün yox, özümüzçün əylənirdik. Birdən karusel sürəti artırdı. Bir neçə nəfər qışqırdı, amerikan rollerkosterlərində adamların ürəyi ağzına gələndə belə qışqırarlar. Karusel hər dəfə şən təpəciklərin ən hündüründən üzüaşağı gedəndə nəinki təpələrdən, lap dağların başından aşağı gedirmiş kimi uçunurdum. Qışqırıqlar çoxalırdı. Hansısa uşaq ağlamağa başladı. Mən də qışqıra bilərdim, ağlaya bilərdim, qorxumu, həyəcanımı hansısa yolla göstərə bilərdim, amma səsimi çıxarmırdım, hisslərimi büruzə vermirdim. İndi də eyni şeyi edirəm. Təzə təmirdən çıxan Nərimanov parkında oturmuşam, “Şən təpəciklər” yoxdur, onun yerində tikilmiş “İskender” adlı restorana baxıram, səsimi çıxarmıram, hisslərimi büruzə vermirəm.
1990-cı illərin əvvəlində Azərbaycan xalqı ölkəyə ayaq açan ilk Türkiyə teleserialına – “Çalıquşu”na rus dilində dublyajda baxırdı. Orada bir personaj o birinə demişdi: “Neriman, duşa moya.” Adım da elə idi ki, məktəbdə bir-iki uşaq mənə “Nəriman, duşa moya” deyib gülürdü.
Deməli, cəmi otuz il əvvəl azərbaycanlılar türk serialına rus dilində dublyajla baxırdılar. Otuz ilə gör sərhədlər nə qədər qarışdı, xəndəklər nə qədər örtüldü. İndi Nərimanov parkında azərbaycanlıların açıb işlətdiyi “İskender” restoranında yeyib-içən yeni nəslin bu sözün əslində Azərbaycan dilində “İsgəndər” olduğunu bilməsinə əsaslı şübhələr var. Adama elə gəlir, restorandan çıxan bu gənc qızlardan birini saxlayıb nə yediyini soruşsan, deyəcək: Heeç, dönər, pilav, falan.
Bu park 1950-ci illərdə salınıb, 60-cı illərdə metronun tikilməsiylə park canlanıb. O vaxtdan bugünə Azərbaycan hansı yoldan keçibsə, həmin yol, həmin vəziyyətlər, həmin mədəni-siyasi mühit bu parkda da əks olunub.
Parkın 1970-ci illərinin – mən dünyada olmayan vaxtlarının fotoları var ailə albomumuzda. Bu o vaxtlardı ki, Brejnevin milisləri parklarda kişilərə yaxınlaşıb iş vaxtı burda nə gəzdiyini soruşur. Nizam-intizam, geniş simmetrik yollar, sıralı ağaclar, kollar, Nəriman Nərimanovun ciddi görkəmli büstü aydın görünür fotolarda.
Sovet vaxtı bu ərazinin memarı kim olubsa, sağ olsun, tipik Sovet-Avropa parkı salıb. İndi ruslar ingilislərin sözüylə belə parklara “skver” deyirlər, yəni yaşayış binalarının arasında çox da böyük olmayan bir ictimai bağ. Şərq şəhərlərində yoxdur belə skverlər, yoxdur sadə adamların yaşadığı evlərin arasında belə ortaq ictimai ərazilər, olmur xalqın toplaşması üçün meydanlar, meydançalar. Şərq şəhərlərində dar küçələr olur, fəqirlər o dar küçələrlə gedib öz qapılarından içəri keçirlər.
Amma bir məsələ var, memarlar nə layihə çəkirlərsə çəksinlər, hər hansı məkan gec-tez öz sakinlərinin xəyallarının şəklini alır. Sovet dövləti bir vaxtlar modern mikrorayonlar salırdı, bir-birinə paralel beşmərtəbələr, doqquzmərtəbələr tikir, onların arasında binanın iki misli böyüklükdə intervallar qoyur, enli küçələr, geniş prospektlər inşa edirdi. Nəzarət zəifləyən kimi sakinlər o binaların beşinci, yeddinci doqquzuncu mərtəbəsinə eyvanlar artırıb oğul-uşaq evləndirdilər. Birinci mərtəbədə yaşayanlar eyvanlarının qabağındakı torpaq sahəsini tikanlı məftillə, çarpayı dəmirləriylə, şifer parçalarıyla ayırıb özlərinə şəxsi bağ-bağat saldılar. 1997-ci ildə bir gün yuxudan durub gördüm bizim binanın birinci mərtəbəsində yaşayan həcixanım həmin bağ-bağatda gümbəzli bir məscid tikdirib.
Bu park da Sovet dövləti dağılandan sonra yerli sakinlərin xəyallarının formasına düşdü. Yelləncəkləri, karuselləri ayrı-ayrı adamlar dövlətdən alıb işlətməyə başladılar, karusellərin aralarındakı boş ərazilərə Çindən başqa karusellər də gətirib qoydular. Yenə boş yer qaldı. Həmin boş yerləri də səyyar yemək-içmək satanlar, qarğıdalı, kartof bişirənlər tutdu. Skamyaların hərəsinin qabağında bir topa tum qabığı olurdu, fəvvarə zibilxanaya dönmüşdü, fəvvarənin ətrafında sərhədi-bucağı olmayan çayxanaların plastik stulları düzülmüşdü. Parkın ən maraqlı karusellərindən olan uşaq avtodromuna isə yaxınlaşmaq mümkün deyildi, oranı çoxlu işsiz-gücsüz cavan əhatəyə alıb fit çalır, qışqırışırdı…
Yenə elə olacaq. Geci-tezi var. Memar nə cızırsa cızsın, inşaatçı nə tikirsə tiksin, nəzarət çəkilən kimi bu park öz sakinlərinin xəyallarının şəklini alacaq. Ona görə də sakinlərin xəyallarını düzəltmək lazımdır. Bizim işimiz bundan ibarətdir.
İndi də səkkizinci mikrorayon kimi gözəl bir Sovet mikrorayonu sakinlərin arzularının məkanına çevrilir. Sakinlər istəyirlər ki, hər şey yaxında olsun, evdən çıxan kimi elə küçədəcə bazarlığını edib qalxsınlar yuxarı, daha hərəkət edib harasa getməyə ehtiyac olmasın. Elə də olur. İndi Azadlıq prospekti metrosundan səkkizinci mikrorayona çıxan adamlar ayaqlarını soğanın üstünə qoyurlar.
Nərimanov parkında da mən oturduğum bucaqdan “İskender” restoranına baxanda görünür ki, tezliklə burada “Balıq-əkmək” satan yerlər açılacaq. Çünki İstanbulda elədir. Çünki camaat Sankt-Peterburqu, Vyananı yox, İstanbulu gözəl şəhər sayır.
Çox sağ olsun yeni landşaft dizayner, parkın mərkəzində fəvvarəni saxlayıb. Fəvvarə yenilənib, gözəl olub. Bu fəvvarənin qarşısında cürbəcür illərdə atamla, dostlarımla şəkillərimiz var. Mən bu parkda keçən uşaqlıq, gənclik illərimə aid çoxlu xatirələr danışardım, amma başqalarının xatirələrinə qulaq asmağa hazır olan fədakar insanlar çox azdır.
Əsas odur ki, fəvvarə var. Adama elə gəlir, bu fəvvarənin yerində Azərbaycan, Türkiyə, Pakistan bayraqlarından ibarət dirəklər də ola bilərdi. Heç kimə qəribə görünməzdi. Necə ki, hər həftəsonu Novxanıya bağa gedəndə Mehdiabad avtomobil dairəsindən keçirəm, görürəm bu avtomobil dairəsinin mərkəzində bir neçə Azərbaycan və Türkiyə bayrağı yanaşı yellənir. Ən gözlənilməz yerlərdə, Binəqədidən Mehdiabada dönən yolda da Türkiyə bayraqları varsa, Nərimanov parkının ortasında da ola bilərdi.
Payızda İzmirə getmişdim. Çox miskin şəhərdir, bu barədə təəssüratımın bir qədərini “Qarovulçunun oğlu” hekayəmdə yazmışam. İzmirdə beş gün vurnuxub ora yaxın olan kiçik şəhərlərə, dənizkənarı qəsəbələrə üz tutduq. Birdən uşaq sual verdi ki, mama, bizdə hər yerdə Türkiyə bayraqları var, bəs burada niyə heç yanda Azərbaycan bayrağı yoxdur? Mən ona kiçik qardaş xəstəliyi, Yeni-osmanlıçılıq və Seymur Baycanın son məqalələri haqda bəzi məlumatlar verdim.
Fəlsəfədə belə bir söhbət var: əgər obyektin bütün tərkib hissələri dəyişdirilibsə, obyekt həmin obyekt olaraq qalırmı? Misal üçün, gəmidir, onun hissələrini bir-bir götürüb başqa hissələrlə əvəz edirsən, gövdəsi də daxil olmaqla sırayla, bircə-bircə onları çıxarırsan, yerinə başqa hissələr qoyursan. Axırda bu gəmi həmin gəmi olacaq, ya başqa gəmi? Yaxud corabdır, onun hissələrini bir-bir kəsib yerinə yamaq vurursan, başdan ayağa təzələyirsən onu. Əgər gəmi yeni gəmi, corab yeni corabdırsa, necə oldu köhnə gəmi, hara getdi köhnə corab?
Nərimanov parkında da yeni işıq dirəkləri, yeni tip oturacaqlar, yeni fəvvarə, yeni uşaq meydançası quraşdırılıb, yeni zibil qutuları qoyulub, yeni tamet daş döşənib, son illərin xırda çayxanaları, kababxanaları bağlanıb, əvəzində artıq qeyd etdiyimiz kimi, “İskender” adlı bir Azərbaycan restoranı fəaliyyətə başlayıb. İndi bu mənim uşaqlığımın həmin doğma parkıdır, ya başqa park?!
Nəsə mənə elə gəlir ki, həmin parkdır. Əsaslandıra da bilmirəm nəyə görə mənə elə gəlir.
Bəlkə fəvvarəyə görə, ya bəlkə ağaclara görə mənə elə gəlir ki, həmin parkdır bura.